Zəngilan rayonunun Ağalı kəndindən sonra ikinci “Ağıllı kənd” layihəsi Füzulinin Dövlətyarlı kəndində icra ediləcək.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, minalardan təmizlənən kəndin ərazisində növbəti mərhələ üçün işlərə hazırlıq gedir.

Onun sözlərinə görə, Ağalı kəndində qazanılan təcrübə Dövlətyarlıda da istifadə ediləcək. Plana əsasən, kənddə 450 ev inşa ediləcək. Bunlar 3, 4 və 5 otaqlı evlər olacaq. Kəndin mərkəzində isə bazar və meydan yerləşəcək.

Layihənin hansı tarixdə yekunlaşacağı tikinti işlərinə başlanan zaman bəlli olacaq.