Yaxud iki rəssamın bir sərgisindən təəssürat


Müasir Azərbaycan incəsənəti dinamik inkişaf edərək müxtəlif yanaşmalarla rəssamlıq, heykəltəraşlıq, performans, instalyasiya, video-art və fotoqrafiya kimi sahələrdə maraqlı yaradıcı baxışları təqdim edir. Mədəniyyətə, cəmiyyətə, ətrafa, eləcə də dünyada baş verən elmi-texniki yeniliklərə sənət yanaşmasının gözəl nümunələrindən birinə bu günlərdə “Qazelli Art House”da izlədiyimiz sərgidə şahidlik etdik.

Öncə düşündüm ki, bəlkə də bu əsərlərdəki sənəti təsvir etmək üçün sözə ehtiyac yoxdur. Necə deyərlər, baxan baxsın, anlayan da anlasın... Amma rəssamlar Aqil Abdullayev və Fərhad Fərzəlinin “Uşaqlığı yenidən yazarkən” adlı birgə sərgisi “yazmasam olmaz” fikrini diktə etdi.

Sərgidə nümayiş olunan əsərlərdə müxtəlif cərəyanlara meyil var idimi? Düzü, heç bunun da dəqiq fərqinə varmadım. Çünki buradakı sənət nümunələri sanki həm keçmişə, həm də sənətə yeni baxışı tövsiyə edirdi. Forma-biçim baxımından duyulası dərəcədə müasir, məzmunca kifayət qədər düşündürücü əsərlər müasir sənətə sevgi və anlaşma mesajı verirdi...


Arzularında yaratdığı məxsusi uşaq otağı və səmimi etiraf


İlk olaraq Aqil Abdullayevin işləri ilə tanış oluram. Rəssamın fikir və emosiyalarını təsvir edən nümunələr, rəng özəllikləri ziddiyyət və gerçəkliyə fərqli kontekstdən baxışları əks etdirir. Müəllif həmçinin sosial şəbəkələr, filmlər və instalyasiyalar vasitəsilə incəsənətin yeni sahələrinə müraciət edir. Əsərləri izlədikcə sanki rəssamın cəmiyyətə mesajlarını eşitmiş oluruq. Xüsusən də bu mesajlar rəng seçimində daha qabarıq nəzərə çarpır. Rəssam Şərq mədəniyyətinin kənar amillərin təsirinə necə düşməsini təsvir etmək üçün tez-tez əsərlərində “alter-eqolar” (insanın başqa bir məni) və uydurulmuş personajlar yaradır. Bu silsilədə biz nə qədər yumor və optimizm görsək də, eyni zamanda düşündürücü anlar və kədəri də sezmək mümkündür.

“Super klişe, super qəribəlik, super qeyri-adilik” adlı silsilədə rəssam uşaqlıq dövrü yataq otağının nağılvarı təzahürünü yaradıb. Təkbuynuz və su pəriləri kimi mifoloji obrazlardan istifadə edən rəssam özünün uşaq yaşlarındakı arzularını canlandırmağa çalışıb. Beş nəfər ailə üzvünün yaşadığı kiçik bir evdə böyümə təcrübəsindən istifadə edərək arzularında yaşatdığı məxsusi uşaq otağının təsviri maraq doğurur. Ailə mətbəxində yerləşdirilmiş birnəfərlik çarpayı və heç vaxt maraqlı suvenirlərinə və xatirə əşyalarına yer tapılmayan bir uşaq otağı mənzərəsi. Bütün bu yanaşma isə ən sonda yenə də eyni bir nöqtədə birləşmiş olur: səmimi etiraf...

Aqil Abdullayev İngiltərənin Nottingem Trent Universitetinin Təsviri incəsənət fakültəsinin bakalavr dərəcəsini bitirib. 2018-ci il “Bloomberg New Contemporaries” mükafatına və Nottingemdə One Throsby Street Qalereyasının “Attic Residency” proqramının iştirakçısı adına layiq görülüb. Əsərləri Liverpul Biennalesi (2018), Primary Müasir İncəsənət Məkanı (2017), “The Wrong” – Yeni Rəqəmsal Art Biennalesi (2017), Tate Modern (2016), Gənc Rəssamların 4-cü Moskva Beynəlxalq Biennalesindəki YARAT pavilyonunda (2012) nümayiş etdirilib.


İncəsənət antropoloji axtarışlarda açar kimi


Fərhad Fərzəli isə yenə də təəccübləndirməyi bacardı. İlk dəfə bir neçə il əvvəl “Bahariyyə” layihəsində onun rəssamlıq və müasir musiqi duyğuları ilə tanış olmuşdum və davamlı olaraq sənətini izləməyə çalışırdım. Rəssamın bu ilin əvvəlində Parisdə təqdim edilən “Tiger is tiger is a tiger is a tiger” (“Pələng var, pələng var”) adlı sərgisindən nümunələrlə yanaşı, biz bu dəfə bir az da fərqliliklə rastlaşırıq.

Fərhad uşaqlığı yenidən yazarkən düşüncəsi ilə bizləri nostalji hisslərə qərq edir. 1990-cı illərin ab-havası, unudulmayan anlar və hər birimizin yaşadığı tarix. Rəssam sanki müasir sənət vasitəsilə yaddaşımızı yeniləyir.

Sərgi ilə bağlı rəssam deyir: “2000-ci ildə Bakı zəlzələsindən sonra ailəmizlə Nizami və Bülbül küçələrinin kəsişdiyi bir evə köçdük. Elə o dövrdən başlayaraq küçədən keçən təsadüfi insanların fotosunu çəkməyə başladım. 90-cı illərin əvvəli həyatın bozluğunu sözlə ifadə etmək çətindir. İnsanlar, küçələr, səmalar, ağaclar – hər şey qara-boz çalarlara boyanmışdı. Mən bu bozluqdan qurtulub sağ qaldım. İndi 32 yaşım var və 3 yaşımdan etibarən məşğul olduğum işlə davam edirəm. Tez-tez ev dəyişsək də, bütün arxivimi qoruyub saxlamışam”.

Bəli, bu mövzulardan və təcrübədən ilham alan Fərhad Fərzəli sərgidə Bakını gəzən balaca uşağın baxışlarını nümayiş etdirir. Sərgidə bu dünyanı təsvir etmək üçün plastik torbalar, ofis mebelləri, rəssamın uşaqlıq illərinə aid köhnə təmtəraqlı oyuncaqlar təqdim olunur. Bu nümunələr onun keçmişə teatral baxışı kimi də diqqəti cəlb edir.

Pələng rəsmləri Fərhad Fərzəli yaradıcılığında bir xətt kimi keçir. Hələ Parisdəki sərgidə rəssam araşdırmaları ilə pələngin müstəqil Azərbaycan kimliyinin rəmzi olduğunu bir daha təsdiqləyib və yaradıcılığını pələng obrazı ətrafında qurmuşdu. Bu sərgidə də biz pələng obrazlarına rast gəlirik. Ənənəvi mədəniyyəti, xalq estetikasını və keçmiş sovet geosiyasi vəziyyətinin təhlilini bir araya gətirən rəssam pələng obrazı ətrafında postsovet folklorunun kataloqlaşdırılmış formasını, eləcə də Azərbaycanın bütpərəst keçmişini və qalib ovçuluğu təmsil edən Mesopotamiya ilahi atributunu təcəssüm etdirir. Bəzi İslam ənənələrində mələk müjdəçisi hesab olunan pələng müasir dövrdə kişi gücünün rəmzi kimi qəbul edilir. Rəssam bu rəmzin dəyərini öyrənmək üçün kodları və mövcud istinadları bir araya gətirib.

Fərhad Fərzəli beynəlxalq nüfuza malik konseptual rəssamlarımızdan biridir. O, Azərbaycan identikliyini və vizual ikonoqrafiyanı araşdırmaq məqsədilə bir çox sahədə, o cümlədən rəsm, instalyasiya, performans, rəqəmsal incəsənət və səs sahələrində fəaliyyət göstərir. Bir rəssam kimi isə Fərhad müəyyən mövzulara yumoristik və düşünülmüş şəkildə yanaşmaları ilə mədəni, cinsi və coğrafi stereotipləri təhlil etməklə maraqlı əsərlər ortaya qoyur. Müxtəlif sahələrdə çalışması onun konseptual araşdırmalarına yardımçı olur. O həm də incəsənətdən antropoloji axtarışlarında bir vasitə kimi istifadə edir.

Sərgidə diqqətimi çəkən bir məqam da minlərlə bukinist kitabları və onların üzərində qoyulmuş boş plastik torbalar idi... Müxtəlif mövzulara və sahələrə aid bu qiymətli kitabların üzərindəki bu boş torbalar müasir günümüzü simvolizə edir. Yaxud da sərginin ən maraqlı guşəsi olan rəssama aid xatirə əşyaları. Burada nələrə rast gəlmək olmur ki. Dövrünün ən bahalı, bəlkə də 90-cı illərdə bir çox uşaq və gəncin arzuladığı aksesuarlar, oyuncaq və əşyalardan tutmuş, müxtəlif ədəbiyyatlara qədər...

Mədəni irsə sadiqlik rəssamın bütün yaradıcılığını əhatə edir. Buna misal olaraq biz sərgidə milli ornamentli xalça və tekstil məmulatlarını da görürük. Müasir düşüncə yanında, ondan ayrılmayan xalça... Keçmişi unutma, gələcəyə üz tut deyir, yoxsa başqa mesajı da var? Hər halda bunu rəssam özü daha yaxşı şərh edər.

Fərhad Fərzəli 7-ci Daşkənd Müasir İncəsənət Biennalesi (2013), 16-cı Şarja İslam İncəsənəti Festivalı (2014) və “Unbound Group”un dəstəyi ilə keçirilən 6-cı Moskva Biennalesində (2015) iştirak edib. 2016-cı ildə rəssam Nailə Allahverdiyeva ilə birlikdə Rusiyanın Perm şəhərindəki PERMM muzeyində keçirilən müasir Azərbaycan incəsənətini təcəssüm etdirən “Şəkərli dağlar, neftli sahillər” adlı sərginin kuratoru olub. 2017-ci ildə isə onun əsəri “Die Greuze” adlı səyyar sərgidə nümayiş etdirilib. Həmin sərgi Rusiyanın Moskva, Sankt-Peterburq və Krasnoyarsk kimi şəhərlərində də təqdim edilib.

2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Fərhad Fərzəlinin əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında, Milli İncəsənət Muzeyində və YARAT Müasir İncəsənət Məkanında nümayiş etdirilir.

L.Azəri