Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun 75 illik yubileyinə həsr olunan kitab-albom çap olunub.

“Elm və təhsil” nəşriyyatında Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən yeni nəşrin əvvəlində Azər Paşa Nemətovun atası, görkəmli teatr rejissoru Zəfər Nemətovun (1917-1971) həyat və sənət yolundan bəhs olunur. Kitab-albom daha sonra “Uşaqlıq və gənclik illəri”, “Portretlər”, “Tamaşalardan fraqmentlər”, “Sənət, həyat, düşüncələr...” bölmələri ilə davam edir.

Nəşrdə A.P.Nemətovun Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Leninqrad Gənc Tamaşaçılar, Arxangelsk Dövlət Dram, Tallin Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram teatrlarında hazırladığı tamaşalardan, eyni zamanda görkəmli rejissorun yaradıcı səfərləri zamanı lentə alınan fotolar öz əksini tapıb.

Kitab-albomda ATXİ, Azərbaycan Dövlət Teatr Muzeyi, Akademik Milli Dram Teatrının muzeyi, o cümlədən rejissorun şəxsi arxivindən istifadə olunub.

Yeni nəşrin tərtibçisi Cavid Zeynallı, rus və ingilis dillərinə tərcümə edəni Ayna Zərbəliyeva, redaktoru Aida Qafarova, bədii tərtibatçısı isə Aqil Əmrahovdur.