Əl-Fərabi adına Qazax Milli Universiteti Şərqşünaslıq fakültəsinin dosenti, həmin universitetin nəzdində Mədəni irs və əlyazmalar fondunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Zübeydə Şafkam AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Görüşdə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli elm ocağı haqqında məlumat verib. Söhbət zamanı gələcəkdə birgə əməkdaşlıq layihələri müzakirə olunub, qarşılıqlı elmi ezamiyyələrin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Zübeydə Şafkam öz növbəsində təmsil etdiyi elmi müəssisədə yaradılmış fondun işinin təşkili zamanı dünyanın aparıcı əlyazma mərkəzləri ilə yanaşı, M.Füzuli adına Əlyazmalar İnstitutunun təcrübəsini də əsas götürdüklərini vurğulayıb.

Öz araşdırmaları barədə məlumat verən alim bildirib ki, hazırda Azərbaycan dilində qələmə alınan unikal yazılı folklor abidəsi “Rüstemnameyi-türki” əlyazmasının üzərində tədqiqat aparır. Bakıya gəlişinin də əsas səbəblərindən biri həmin əsərin əlyazma nüsxələri haqqında ətraflı məlumat toplamaqdır.

Görüşdən sonra qazax alimi institutun ekspozisiya zalında nümayiş etdirilən nadir eksponatlar, əlyazma nüsxələri ilə tanış olub.

Zübeydə Şafkama Əlyazmalar İnstitutunun son nəşrləri hədiyyə olunub və xatirə şəkli çəkilib.