Ağdaş RMİ Ağdaş rayon Mədəniyyət Mərkəzində istedadlı şəxslərin aşkara çıxarılması və tanınması məqsədilə “Tanıyaq və tanıdaq” adlı müsabiqə keçirilib.

Layihəyə Ağdaş rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan kənd mədəniyyət, diyarşünaslıq, sənətkarlıq, folklor evi və klub müəssisələrinin təşkilatçılığı ilə kənd əhalisi arasında istedadı ilə seçilən şəxslər cəlb edilib. İştirakçılar rəqs, rəsm, qiraət, gimnastika, səs və musiqi alətlərində ifa bacarığı, aktyorluq və dekorativ-tətbiqi sənət üzrə müsabiqəyə qatılıblar. Müsabiqədə fiziki imkanları məhdud şəxslər də iştirak ediblər.

Öncə Mədəniyyət Mərkəzinin qarşısında bacarıqlı uşaqların əl işlərindən ibarət təşkil olunmuş sərgiyə baxış keçirilib. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müsabiqə iştirakçılarının çıxışlarını münsiflər heyəti 10 ballıq sistemlə dəyərləndiriblər. Ən çox xal toplayan iştirakçılar 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülərək fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Müsabiqədə iştirak edən digər şəxslərə də fəxri fərmanlar təqdim olunub.