Sentyabrın 7-də Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam oldu. Bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində (BMM) Yaponiyanın ölkəmizdəki səfirliyi tərəfindən yubiley mərasimi və konsert təşkil edilib.

Mərasimdə çıxış edən səfir Cuniçi Vada diplomatik münasibətlərin bünövrəsinin qoyulduğu 1992-ci ildən bu yana ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb: “Yaponiya və Azərbaycan iqtisadi sahədə də uğurlu əməkdaşlıq edir. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Gələcəkdə Tokio ilə Bakı arasında birbaşa aviareysin açılması və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi əlaqələrimizə mühüm töhfə verəcək. Yaponiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinə də dəstək verməyə hazırdır...”.

Yaponiya ilə Azərbaycan arasında mehriban münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolunu qeyd edən Cuniçi Vada mədəni, humanitar və digər sahələrdə birgə layihələrin həyata keçirildiyini də məmnunluqla vurğulayıb.

Ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri Muxtar Babayev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Yaponiya ilə sıx əməkdaşlıq edən ölkələrdən biridir. Bu il Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının keçirilməsi də bunun bir göstəricisidir. Hazırda Qarabağın yaşıl enerji zonasına çevrilməsi üzrə işlər aparılır və bu işlərə Yaponiya şirkətlərinin də cəlb olunması prioritet məsələdir. Qeyd olunub ki, iki ölkənin 1997-1998-ci illərdə təşəkkül tapan parlamentlərarası əlaqələri də dostluq və əməkdaşlığa töhfədir.

Tədbirdə daha sonra millət vəkili, Milli Məclisdə Yaponiya ilə dostluq qrupunun üzvü  Məlahət İbrahimqızı, Bakıdakı “Şimal-2” elektrik stansiyası layihəsinin meneceri, Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilən Sato Mitsuyuki və Yaponiyanın “Fuji Optical” Co.Ltd şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq  Akio Kanai çıxış ediblər.

Qeyd edək ki, Akio Kanai bir neçə il öncə Yaponiyanın “Yomiuri” qəzetinin “Yomiuri Şinbun Beynəlxalq Əməkdaşlıq Mükafatı”na layiq görülmüşdü. O, həmin mükafatın 5 milyon yen həcmində məbləğini Azərbaycandakı məcburi köçkünlərə və aztəminatlı ailələrə, eləcə də qazilərə optometrik xidmətlər göstərmək məqsədilə ayırmışdı.

Çıxışlarda vurğulanıb ki, Yaponiya-Azərbaycan əlaqələri ictimai həyatın əksər sahələrini əhatə edir. Qarşılıqlı əlaqələr və birgə əməkdaşlıq ölkələrin və xalqların bir-birlərini daha yaxından tanımalarına şərait yaradır.

Rəsmi hissədən sonra yapon caz ifaçısı Yamamoto Kyoko BMM-nin solistləri ilə birgə qısa konsert proqramı təqdim edib. Proqramda yapon xalq musiqisi və Azərbaycan muğamının sintezi şəklində musiqi nömrələri təqdim olunub.

Onu da qeyd edək ki, sentyabrın 8-də Y.Kyoko azərbaycanlı musiqiçilərlə birlikdə BMM-də geniş konsert proqramı ilə çıxış edib.