Şəki RMİ Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçisi, Vətən müharibəsi iştirakçısı Fərid Kərimovun solo konserti təşkil olunub. Konsertdə F.Kərimov “Region” qrupunun müşayiəti ilə xalq və bəstəkar mahnılarını ifa edib.

***

Masallı RMİ Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Rəfail İşiyevin doğum gününə həsr olunmuş “Ana, məni bağışla” tamaşası nümayiş etdirilib. Cəlilabad Xalq teatrı aktyorlarının ifasında təqdim olunan tamaşanı Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov, rayon rəsmiləri, şəhid ailələri, qazilər və mədəniyyət işçiləri izləyiblər. Səhnə işi qəhrəman şəhidin döyüş yolundan bəhs edir.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Elçin Hüseynovun doğum gününə həsr olunan “Vətənə fəda edilən ömür” adlı xatirə gecəsi keçirilib. Şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid anaları, mədəniyyət işçiləri və digər qonaqların iştirak etdiyi tədbirdə vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialı Azərbaycanın Milli Qəhrəmanı, şəhid kapitan Məhərrəm Seyidovun anadan olmasının 70 illiyi ilə əlaqədar “Vətən sizi unutmur” adlı tədbir keçirib. Çıxış edənlər Milli Qəhrəmanın həyatından, keçdiyi döyüş yolundan söhbət açıblar. Qeyd olunub ki, M.Seyidov 1952-ci il sentyabrın 7-də Şərur rayonunun Alışar kəndində anadan olub. Şərur Rayon Daxili İşlər Şöbəsində baş inspektor vəzifəsində çalışıb. O, 1990-cı il yanvarın 19-da Kərki kəndində gedən döyüşlərdə düşmənin mühasirəsinə düşmüş döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub. Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Məhərrəm Seyidov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

N.Məmmədli