Sabirabad Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki uşaq musiqi məktəbləri üzrə 2021-2022-ci tədris ilini bitirərək orta ixtisas və ali təhsil ocaqlarının musiqi ixtisasına qəbul olunan məzunlarla görüş keçirilib. RMİ-nin rəisi Fərid Qurbanzadə çıxış edərək məzunlara təhsillərində uğurlar arzulayıb.

***

Masallı RMİ Yardımlı rayon MKS-nin Mərkəzi Kitabxanasında Yusif Vəzir Çəmənzəminlinin 135 illiyi ilə əlaqədar kitab sərgisi təşkil edilib.

***

Bərdə RMİ Tərtər rayon Heydər Əliyev Mərkəzində narkomaniyaya qarşı mübarizə ilə bağlı “Ağ ölüm – əsrin bəlası” adlı tədbir təşkil edilib. Mərkəzin direktoru Səlimə Yusibova və digər əməkdaşlar çıxış edərək yeniyetmə və gənclərin narkotik asılılığı və digər zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlər haqqında məlumat veriblər.

***

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzində seminar təşkil olunub. Mərkəzə tabe mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşlarının qatıldığı seminarda yeni mövsümdə keçiriləcək mədəni tədbirlər barədə məlumat verilib.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 4 saylı kitabxana filialı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 881-ci ildönümü ilə əlaqədar “Azərbaycan poeziyasının sönməz günəşi” başlıqlı sərgi təşkil edib.

***

Ağdaş RMİ Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında görkəmli yazıçı, diplomat Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) 135 illik yubileyi münasibətilə “Qaranlıqlar içində közərən Çəmənzəminli” adlı tədbir keçirilib. Çıxışlarda qeyd edilib ki, Y.V.Çəmənzəminlinin qələmindən çıxmış ictimai-siyasi, tarixi məzmunlu əsərlər siyasi düşüncə tariximizin maraqlı səhifələrindən sayılır. Sonra tədbir iştirakçıları yazıçının həyat və yaradıcılığını əks etdirən “Yusif Vəzir Çəmənzəminli – 135” başlıqlı kitab sərgisi ilə tanış olublar.

***

Kürdəmir RMİ Kürdəmir rayon MKS-nin Uşaq şöbəsində “Uşaqlar bizim gələcəyimizdir!” adlı tədbir keçirilib. Kürdəmir Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, milli rəqslərimizi ifa ediblər.

***

Ağstafa RMİ Ağstafa rayon Mərkəzi Kitabxanası və rayon Gənclər evinin birgə təşkilatçılığı ilə “Vətənpərvər gənclər işıqlı sabahımızdır!” adlı kitab sərgisi təşkil edilib. Sərgi zamanı kitabxananın əməkdaşı Qönçə Hüseynova ölkəmizin gələcəyi olan gənclərin hərtərəfli inkişafı məqsədilə həyata keçirilən tədbirlərdən və kitabxanaların qarşısında duran vəzifələrdən danışıb.

Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası könüllü gənclərlə birgə “Unutma, hər sirrin açarı kitablardadır!” adlı tədbir keçirib. Tədbirdə kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova çıxış edərək mənəvi qida olan kitabın təbliği üçün kitabxanaçıların qarşısında duran vəzifələr haqqında söz açıb.

Nurəddin Məmmədli