AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə institutun materialları əsasında hazırlanmış “Tarixə dair əski çap kitabları” kataloqu işıq üzü görüb.

Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Tahirə Həsənzadənin tərtib edib nəşrə hazırladığı kataloqda Əlyazmalar İnstitutunun əski çap kitabları fondunda mühafizə olunan Azərbaycan, türk, fars, ərəb, rus və digər dillərdə, o cümlədən Avropa dillərində 600 kitabın izahlı təsviri verilib.

Yeni nəşrin elmi məsləhətçisi Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, elmi redaktoru Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov, ərəbdilli kitabların xülasəsini hazırlayan Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilovadır.