Azərbaycan

 

10 sentyabr 1901 – Əməkdar artist, vokalçı Qulam Məşədi Kazım oğlu İsgəndərov (1901-1975)  Şamaxıda doğulub. Opera və Balet Teatrında çalışıb.

10 sentyabr 1917 – Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova (1917 – 24.11.1994) Naxçıvan MR Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın ilk aktrisalarından biri olub.

10 sentyabr 1931 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (1931 – 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.

10 sentyabr 2015 – Əməkdar rəssam Altay Ağasəid oğlu Səidov (1926 – 10.9.2015) vəfat edib. Gənc Tamaşaçılar Teatrında baş rəssam işləyib.

 

11 sentyabr 1913 – Kinorejissor, operator, Xalq artisti Muxtar Baba oğlu Dadaşov (1913 – 7.5.1998) anadan olub. “Qanun naminə”, “Bakıda küləklər əsir” və s. filmlərə quruluş verib. Sənədli və bədii filmlərin (“Yeni horizont”, “Arşın mal alan”) operatoru olub.

11 sentyabr 2001 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (15.3.1914 – 2001) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

 

12 sentyabr 1887 – Görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli (1887 – 3.1.1943) Şuşada doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, Rusiyanın Nijni-Novqorod vilayətində həbs düşərgəsində vəfat edib. “İki od arasında” (“Qan içində”) tarixi romanının, “Qızlar bulağı”, “Bir cavanın dəftəri” və s. əsərlərin müəllifidir.

12 sentyabr 1921 – Şair, dramaturq Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov; 1921 – 19.10.1995) anadan olub. C.Bаyronun şeirlərini, B.Brехtin “Kurаj аnа və onun uşаqlаrı” pyesini Azərbaycan dilinə çevirib.

12 sentyabr 1960 – Əməkdar artist Süleyman Məşədi İsmayıl oğlu Tağızadə (13.4.1909 – 1960) vəfat edib. Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərə çəkilib. 

12 sentyabr 2001 – Yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912 – 2001) vəfat edib.  Köhnə Bakı haqqında “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.

12 sentyabr 2004 – Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 2.10.1923 – 2004) vəfat edib. C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, H.Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.

12 sentyabr 2008 – Bakıda dahi özbək şairi Əlişir Nəvainin abidəsinin açılışı keçirilib. Mərasimdə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və İslam Kərimov iştirak ediblər.

 

13 sentyabr 1893 – Əməkdar artist, opera müğənnisi Əli Əbdül oğlu Zülalov (1893-1963) Şuşada anadan olub.

13 sentyabr 1933 – Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik, Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikov (1933 – 9.5.2019) Bakıda doğulub. “Məhəbbət əfsanəsi” baleti, “Dalğalar” operettası, “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, 8 simfoniya və s. əsərlərin müəllifidir. Filmlərə (“Sehrli xalat”, “Axırıncı aşırım”), tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru olub.

13 sentyabr 1969 – Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 – 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub.

 

Dünya

 

10 sentyabr 1839 – Amerika filosofu, praqmatizm və semiotikanın banilərindən biri Çarlz Sanders Pirs (Charles Sanders Peirce; 1839-1914) anadan olub.

10 sentyabr 1872 – Rus yazıçısı, etnoqraf, səyyah, Uzaq Şərqin tədqiqatçısı Vladimir Arsenyev (1872-1930) anadan olub. Əsərləri: “Dersu Uzala”, “Tayqanın ortasında” və s.

10 sentyabr 1912 – Məşhur Danimarka karikaturaçısı Herluf Bidstrup (Herluf Bidstrup; 1912-1988) anadan olub.

10 sentyabr 1914 – Amerika kinorejissoru Robert Uayz (Robert Wise; 1914-2005) anadan olub. İki dəfə “Oskar” laureatıdır: “Vestsayd əhvalatı”, “Musiqi səsləri”.

10 sentyabr 1934 – Türk mənşəli (Krım tatarı) Ukrayna bəstəkarı Alemdar Karamanov (1934-2007) anadan olub. Əsərləri: “Ay dənizi” simfoniyası, “Məhəbbətdən güclü” baleti və s.

 

11 sentyabr 1862 – Amerika yazıçısı, novella janrının ustası O` Henri (William Sydney Porter; 1862-1910) anadan olub. Əsərləri: “Dörd milyon”, “Yanan lampa”, “Taleyin yolları” hekayələr toplusu, “Krallar və kələm” romanı və s.

11 sentyabr 1865 – Latviya şairi və dramaturqu Yan Raynis (əsl soyadı Pliekşans; 1865-1929) anadan olub. Kitabları: “Tufan səpini”, “Son və başlanğıc”, “Evə”.

11 sentyabr 1894 – Ukrayna kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Dovjenko (1894-1956) anadan olub. Filmləri: “Arsenal”, “Torpaq”, “Aeroqrad” və s.

11 sentyabr 1885 – İngilis yazıçısı David Herbert Lourens (David Herbert Lawrence; 1885-1930) anadan olub. Psixoloji romanları ilə məşhurlaşıb: “Göy qurşağı”, “Vurğun qadınlar”, “İtkin qız”, “Ledi Çatterleyin məşuqu”.

11 sentyabr 1903 – Alman filosofu və musiqişünası Teodor Adorno (Theodor Ludwig Wiesengrund-Adorno; 1903-1969) anadan olub.

11 sentyabr 1914 – Görkəmli türk maarifçisi, mütəfəkkir İsmayıl Qaspıralı (Gasprinski; 8.3.1851 – 1914) vəfat edib. Türk dünyasının maariflənməsində rol oynamış “Tərcüman” qəzetinin naşiri olub.

11 sentyabr 1937 – Rusiya müğənnisi, SSRİ Xalq artisti İosif Davıdoviç Kobzon (1937-2018) anadan olub.

 

12 sentyabr 1921 – Polyak satirik yazıçısı Stanislav Lem (Stanislaw Lem; 1921-2006) anadan olub. Əsərləri: “Solyaris”, “Səmanın səsi”, “Yerdə sülh”, “Aldebarandan müdaxilə” və s.

 

13 sentyabr 1874 – Avstriya bəstəkarı Arnold Şönberq (Arnold Franz Walter Schoenberg; 1874-1951) anadan olub. Musiqidə ekspressionizmin nümayəndəsi, “Moisey və Aaron” operası, “İntizar” monodramı və s. əsərlərin müəllifidir.

13 sentyabr 1894 – İngilis yazıçısı və dramaturqu Con Boynton Pristli (John Boynton Priestley; 1894-1984) anadan olub. Əsərləri: “Mehriban dostlar”, “Mələk küçəsi”, “Cənnət guşəsi” (pyeslər), “Qretlidə qaranlıq” (roman) və s.

13 sentyabr 1905 – Fransız əsilli Amerika aktrisası, “Oskar” laureatı Klodet Kolber (Claudette Colbert – Lily Claudette Chauchoin; 1905-1996) anadan olub.

13 sentyabr 1924 – Fransa bəstəkarı Moris Jarr (Maurice Jarre; 1924-2009) anadan olub. 100-dən çox filmə musiqi yazıb, 3 dəfə “Oskar” mükafatına layiq görülüb.

Hazırladı: Vüqar Orxan