Bakıda “Bilik” kitab sərgi-yarmarkası keçirildi

 

15 sentyabr – Bilik Günü ərəfəsində paytaxtın Nizami rayonundakı Heydər Əliyev adına park-bulvarda I “Bilik” kitab sərgi-yarmarkası keçirildi. “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9-11 sentyabr tarixində gerçəkləşən sərgi bu yaxınlarda yol qəzasında həyatını itirən “Bakumoz” kitab evinin sahibi, ANAİB-in kitabçı yoldaşı Nurəddin Məmmədlinin xatirəsinə ithaf edilmişdi.

Açılış tədbirində ANAİB idarə heyətinin üzvü, “Xan” nəşriyyatının direktoru Səbuhi Şahmursoy qeyd etdi ki, bu günə qədər qurum tərəfindən bir sıra kitab sərgiləri və festivallar keçirilib. “Biliyiniz möhkəm olsun!” şüarı altında keçirilən “Bilik” kitab sərgisində məktəbli ləvazimatı, qeyd dəftərləri, test topluları, həmçinin bədii əsərlərin satışı təşkil edilir. Sərgidə eyni zamanda valideynlər övladlarının istifadə etmədikləri kitabları ehtiyacı olan uşaqlara hədiyyə edə bilərlər.

Nizami Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov bildirdi ki, sərginin keçirildiyi məkan Nizami rayon sakinlərinin ən çox üz tutduqları yerlərdən biridir. Sərgiyə böyük maraq var. Ziyarətçilər həm kitab alır, həm də yazarlarla görüşürlər.

“Ting” nəşriyyatının rəhbəri, Yazıçılar Birliyinin üzvü, uşaq yazarı Çinarə Köçərli vurğuladı ki, budəfəki sərgidə iştirak edən 24 nəşriyyat və mağaza öz məhsullarına 20 faizdən 80 faizədək endirimlər nəzərdə tutub. Oxuculara “Ting” nəşriyyatı tərəfindən 30-a yaxın kitab təklif olunur.

Qeyd edək ki, üç gün davam edən sərgidə müəlliflərin imza mərasimləri, əyləncəli şou-proqramlar, şeir saatları, canlı musiqi dəqiqələri və s. təşkil edilib. Aktrisa İranə Kərimovanın ifasında mahnı səslənib, yazarlar Elxan Elatlı, Rövşən Abdullaoğlu, Fatimə Alxaz və Ülviyyə Tahirin oxucularla görüşü gerçəkləşib.

Nurəddin