İnna Kostina: “Sənətin bir neçə növü ilə eyni anda məşğul olmağı xoşlayıram”

 

Rənglər dünyası və bu aləmə qərq olan bir xanım təsəvvür edin. Sözsüz ki, qadın olan yerdə gözəllik var, əlvanlıq var, nikbin notlar var...

Əməkdar rəssam İnna Kostina həyatını rənglərə, sənətə həsr edib. Əbəs deyildir ki, rəssam batika texnikası ilə “Simurq” mövzusunda yaratdığı silsilə əsərlərdə Simurqu əsrarəngiz qadın-quş adlandırıb. İnna Kostina bu barədə deyir: “Simurq həm Şərq, həm də slavyan mifologiyasında mövcud olan qadın-quş obrazıdır. Şərq mifologiyasında Simurq peyğəmbərlik qabiliyyətlərinə malikdir. Şərqdə Simurq taleyin aləti kimi çıxış edən sirlərin qoruyucusu idi. Slavyan mifologiyasında Simurq obrazı ruhun dirilişinin simvolu olan qız başlı Cənnət quşu – Sirin quşuna uyğundur. Bir çox dini ənənələrdə quşlar yerlə göy arasında əlaqə qurur, ürək və ruhun simvolu kimi çıxış edir. Bu gün qloballaşma dövründə, az qala milli sərhədlərin silindiyi, mədəniyyətlərin birləşdiyi bir dövrdə etnik kimliyin qorunub saxlanılması problemi kəskin şəkildə ortaya çıxır. Simurq obrazı ruhun və Azərbaycan ruhunun gücünün simvolu olaraq mənə xüsusilə aktual görünür...”.

Dosye: İnna Kostina 1962-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva İncəsənət Texnikumunun Rəngkarlıq fakültəsini bitirib. 1984–1989-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda bədii film və televiziya üzrə quruluşçu rəssam ixtisasına yiyələnib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Rəngkarlıq və kino kafedrasında dərs deyir. Ötən əsrin 90-cı illərindən batika texnikasında ipək üzərində işləyən rəssam kimi məşhurlaşıb. Bir sıra yerli və beynəlxalq müsabiqələrin laureatı və 250-dən artıq sərginin iştirakçısıdır.

Özünəməxsus üslubu ilə tanınan İnna Kostinanın əl işləri 1987-ci ildən başlayaraq İtaliya, Norveç və Almaniya – ümumilikdə 30-dan çox ölkədə muzey və qalereyalarda nümayiş olunub. Əsərləri həmçinin Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Tomsk Vilayət İncəsənət Muzeyi (Rusiya), “Old Gallery” və Karvasla Muzey Mərkəzi (Gürcüstan), “IL Leone ” İncəsənət Mərkəzində (İtaliya), həmçinin ölkəmizdə və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.

Bu il 60 illik yubileyini qeyd edən rəssamla müsahibəmiz sənətə sevgi mövzusu üzərində quruldu.

 

– Rəngkarlıq, rəsm sizin üçün nə deməkdir?

– Rəssamlıq artıq çoxdan həyatımın ayrılmaz bir hissəsinə çevrilib. Hava, su kimi mənə lazım olan və bunsuz yaşaya bilmədiyim bir anlam kəsb edir. Hər gün və istənilən şəraitdə işləyirəm.

 

– İndiyədək onlarla fərdi sərginiz təşkil olunub. Son sərgilərinizdən olan “Yerin-göyün bağları” nəyi ehtiva edirdi?

– Siyahımda Bakıda və dünyanın müxtəlif şəhərlərində 36 fərdi, 300 qrup sərgisi və festival yer alır. 2021-ci ilin noyabrında Müasir İncəsənət Muzeyində açılan “Yerin-göyün bağları” sərgim insan ruhunun əbədiliyini özündə ehtiva edirdi. Burada uydurma, ideallaşdırılmış və ovsunlanmış dünya real dünya ilə birləşir. Lakin bu dünyaların müasir olması mütləq deyil – onlar sirli, sanki zamandan kənardadırlar...

 

– Sərgilərinizə maraqlı adlar seçirsiniz...

– Düşünürəm ki, başlıq və ideya sərginin mühüm hissəsidir. Bəzən ad özü gəlir, bəzən uzun müddət axtarırsan.

 

–  Sizdə batika texnikası ilə ipək üzərində işləməyə maraq necə yarandı?

– Təsviri sənətin istənilən növündə özümü sınamaq mənim üçün çox maraqlıdır: Batika qədim və mürəkkəb texnikadır, bir çox nüansları var. 1995-ci ildən bununla məşğul oluram. Bu texnikada işlədiyim əsərlər bir sıra ölkələrdə və bir çox muzeylərin kolleksiyalarında nümayiş etdirilir, həmçinin biennalelərdə mükafatlandırılıb. Sənətin bir neçə növü ilə eyni anda məşğul olmağı xoşlayıram. Texnikanın seçimi daha çox düşündüyün əsərin ideya və təcəssümünə hesablanır. Düşüncələrimi, hisslərimi ifadə etməyə hansı üslub daha yaxındırsa, onu seçirəm.

 

– Yubileyinizi necə qeyd etdiniz?

– Yubileyimi Sakit okeanın sahillərində qeyd etdim. Soyuq sularda üzmək mənim ən böyük arzum idi və bu arzum da gerçəkləşdi...

 

– Qarşıda sərginiz gözlənilirmi?

– Latviyanın Gulbene muzeyində batika texnikası ilə işlədiyim ipək boyamalar və rəsmlərimdən ibarət fərdi sərgim var. Sentyabrın 30-dək davam edəcək sərgi Latviyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil olunub. Yaxın vaxtlarda isə böyük yubiley sərgimə hazırlaşıram. Hər bir sərgi rəssam həyatının müəyyən bir dövrünün hesabatıdır.

 

– Avtoportretiniz varmı?

– Bəli, bir neçə avtoportretim var. Amma inanıram ki, istənilən səmimi yaradıcılıq əsəri rəssamın özünüifadəsi, yəni avtoportretidir...

 

– Əsas rəngləriniz hansılardır? Rəssam üçün yaş artdıqca rənglər də dəyişirmi?

– Rənglərə münasibət birbaşa ruhun vəziyyəti ilə bağlıdır. Düşünürəm ki, önəmli olan yaşadığınız illərin sayı deyil, həyat təcrübəsidir.

 

– Sizcə, sənətin missiyası nədir?

– İnsanlara insan olmaqda kömək etmək. Bunu onların düşüncələrinə, həyata baxışlarına təsir anlamında deyirəm.

 

– Pedaqoq kimi bu sənətin sirlərini gənclərə necə açırsınız?

– Dövlət Rəssamlıq Akademiyasında dərs deyirəm. Rəngkarlıq kafedrasının dosenti və Kino və televiziya rəssamlığı emalatxanasının rəhbəriyəm. Tələbələrimi çox sevirəm. 1996-cı ildən istedadlı uşaqlar üçün “7 əlvan kəpənək” adlı studiya yaratmışam və bu gün də rəhbərlik edirəm. Studiyaya uşaqlarla yanaşı böyüklər də gəlir. İstedadlı insanlar çoxdur. Onlara bu istedadı açmaq üçün yardımçı olmaq lazımdır. Həmçinin YARAT Müasir İncəsənət Məkanında böyüklər üçün mütəmadi rəngkarlıq və batikadan ustad dərsləri keçirəm.

 

– Gənc rəssamlara sözünüz varmı?

– Gənclərə sözüm budur ki, öz yolunuzu axtarın, onu hər hansı formada ifadə etməkdən çəkinməyin.

 

– Bir daha sizi yubileyiniz münasibətilə təbrik edir, cansağlığı və sənət uğurları arzulayıram.

– Mən də müsahibəyə və diqqətinizə görə təşəkkür edirəm. Sonda isə bildirmək istəyirəm ki, yubiley ilimdə mənim üçün ən unudulmaz anlardan biri doğma Şuşamızda, Cıdır düzündə “Sarı gəlin” mahnısını ürəkdən, bütün qəlbimlə ifa etməyim oldu. Bu, əsl zövq və xoşbəxtlik idi...

Lalə Azəri