Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü və Goranboy rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 881 illiyinə və “Şuşa İli”nə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən Gəncə RMİ-nin rəisi Vasif Cənnətov əlamətdar il münasibətilə idarənin əhatə etdiyi bütün mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini bildirib. Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

***

Şəmkir RMİ Göygöl rayon Mədəniyyət Mərkəzi, Aşıq Şəmşir adına Uşaq musiqi məktəbi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Şəmkir RMİ-nin rəisi vəzifəsini icra edən Nurəddin Mehdiyev çıxış ediblər. Çıxışlardan sonra rayon Mədəniyyət Mərkəzində yeni yaradılan “Büsat” instrumental ansamblının konsert proqramı təqdim olunub.

***

Ağstafa RMİ Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası yazıçı Yusif Vəzir Çəmənzəminlinin (1887-1947) anadan olmasının 135 illiyinə həsr olunmuş “Şuşa mədəniyyətinin incilərindən” adlı tədbir keçirib. Yazıçının əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub.

N.Məmmədli