Quba rayonunun İkinci Nügədi kəndində Vətən müharibəsi şəhidi Eynulla Lətifovun xatirəsinə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib. Eynulla Lətifov 2001-ci il sentyabrın 8-də İkinci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günündən manqa komandiri kimi döyüşlərə qatılıb, oktyabrın 19-da Xocavənd rayonunda şəhidlik zirvəsinə ucalıb. “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

***

Zaqatala rayonunun Car kəndində şəhid Nemət Kusayevin xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı keçirilib. Nemət Kusayev 1988-ci il dekabrın 4-də Car kəndində anadan olub. 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2008-ci ilin martında döyüş tapşırığını yerinə yetirərkən şəhadətə yetib.

***

Qəbələ şəhərində Vətən müharibəsi şəhidi İqbal Babayevin doğum günündə şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən kompleksin açılışı olub. Tədbirdə çıxış edən şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

***

Ağstafada Vətən müharibəsi şəhidi Nihad Abdullayevin xatirəsinə inşa olunan bulaq-kompleksinin açılışı olub. Mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Nihad Abdullayevin və digər ağstafalı şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Masallı RMİ Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin doğum gününə həsr olunmuş “Şəhidlik ən uca və müqəddəs zirvədir” mövzusunda tədbir keçirilib.

N.Məmmədli