Kürdəmirdə şəhid və qazi uşaqlarının psixoloji dəstəklənməsi, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə “Mən dünyanı oxuyuram” adlı layihəyə başlanılıb.

Layihə üzrə ilk təlim Kürdəmir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində keçirilib. Təlimdə çıxış edən Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı layihənin məqsəd və məramı haqqında məlumat verib. Qeyd edib ki, layihə uşaqların sosial-psixoloji tərbiyəsinin, oxu, nitq və mütaliə mədəniyyətinin inkişafına, onların şəxsiyyət kimi formalaşmasına dəstək məqsədi daşıyır.

Bir il müddətində davam edəcək layihə mütəxəssislərin və kitabxanaçıların hazırladıqları proqram əsasında reallaşacaq. Tədbirlərin ayda iki dəfə olmaqla şənbə günləri, 5-8 və 9-13 yaşlı uşaqlardan ibarət iki qrup üzrə keçiriləcək. Ehtiyac olduğu halda aztəminatlı ailələrin uşaqlarının da dəvət olunması nəzərdə tutulur.

Mütəxəssis-psixoloqlar Aynurə Xudanlı, Ləman Səfərova və kitabxananın əməkdaşları tərəfindən keçirilən ilk təlimdə qeyd edilən yaş qrupları üzrə doqquz nəfər şəhid və qazi övladı iştirak edib. Təlim uşaqların psixoloji durumunun yaxşılaşdırılması, dünyagörüşlərinin formalaşdırılması mövzusuna həsr olunub.

Məryəm Əliyeva
Kürdəmir rayon MKS-nin baş biblioqrafı