Tanınmış tərcüməçi, jurnalist, redaktor Tehran Vəliyevin (1954-2015)  “Dünya ədəbiyyatından tərcümələr” kitabı işıq üzü görüb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Aspoliqraf LTD” nəşriyyatında çapdan çıxan kitabın tərtibçisi və redaktoru Rafiq Vəli İmranoğludur.

Kitabda oxucular Tehran Vəliyevin tərcüməsində dünya ədəbiyyatının korifeyləri – F.S.Fiscerald, E.Heminquey, S.Hill, K.S.Duqqal, C.Coys və S.Kinqin əsərləri, ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqanın “İndi növbə mənimdir” xatirə-memuarı ilə tanış olacaqlar. Kitabda Tehran Vəliyevin həyat yolundan da söz açılır, Azərbaycan ədəbi ictimaiyyəti nümayəndələrinin mərhum tərcüməçi haqqında xatirələri yer alıb.

Tehran Vəliyev uzun illər bədii tərcüməçilik və redaktorluq fəaliyyəti göstərib, ingilis dilindən C.D.Selincer, U.Folkner, E.Heminquey, F.S.Fitscerald və başqa yazıçıların əsərlərini, eləcə də rus və türk dillərindən bir sıra siyasi, elmi, pedaqoji ədəbiyyat nümunələrini Azərbaycan dilinə çevirib. O, onlarla kitab, tədris proqramı və məqalələr toplusunun redaktoru olub. Jurnalistika və nəşriyyat işi sahəsində müxtəlif vəzifələrdə işləyən T.Vəliyev 2001-ci ildən ömrünün sonuna – 2015-ci ilədək Mədəniyyət Nazirliyində çalışıb, şöbə müdirinin müavini, sektor müdiri olub.