Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti cild – “Ştefan Svayq. Seçilmiş əsərləri” kitabı nəşr olunub.

Tərcümə Mərkəzindən bildirilib ki, kitaba dünya şöhrətli Avstriya yazıçısı Ştefan Svayqın (Stefan Zweig, 1881-1942) “Yad qadının məktubu”, “Dayə”, “Dəhşətli sirr”, “Amok”, “Qorxu”, “Ay işığında küçə”, “Bir qadının həyatından iyirmi dörd saat” hekayələri, “Bəşəriyyətin bəxt ulduzları”, “Jozef Fuşe. Siyasi xadimin portreti” kimi məşhur miniatürləri və tanınmış alman dili tərcüməçisi Vilayət Hacıyevin yazıçının həyatı və yaradıcılığı haqqında qələmə aldığı “Ştefan Svayq — “Böyük avropalı” yazısı daxil edilib.

Ştefan Svayqın əsərlərini Azərbaycan dilinə tanınmış bədii tərcümə ustaları Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Zahid Məmmədov, Nəriman Əbdülrəhmanlı, Həmid Arzulu, Qabil Əhmədov çeviriblər.