Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

171 il əvvəl...

21 sentyabr 1851-ci ildə ABŞ hökuməti Amerikanın yerli (aborigen) hindu qəbilələri ilə ilk saziş imzalayıb. Sazişə əsasən, hindular üçün müəyyən ərazilər (rezervasiyalar) ayrılıb, hər il onlara pul mükafatı verilməsi nəzərdə tutulub. Hindu qəbilələri isə yaşadıqları ərazilərdə ABŞ hökumətinə dəmiryolu çəkməyə icazə veriblər.

 

114 il əvvəl...

22 sentyabr 1908-ci ildə Bolqarıstan Osmanlı imperiyasının tərkibindən çıxaraq müstəqilliyini elan edib. XIV əsrin sonundan Osmanlının nəzarətinə keçən Bolqarıstan 1877-1878-ci illərin Rusiya-Türkiyə müharibəsindən sonra muxtar knyazlıq statusu almışdı. 1908-ci ildə Rusiyanın köməyi ilə müstəqillik qazandı.

 

102 il əvvəl...

22 sentyabr 1920-ci ildə Azərbaycanın bolşevik hökuməti (Müvəqqəti İnqilab Komitəsi) müvəqqəti yerli hakimiyyət orqanlarının – yoxsul komitələrinin yaradılması barədə qərar qəbul edib. Qərar ölkədə hakimiyyətin xalqa məxsus olması illüziyasını yaratmaq niyyəti güdürdü. Yoxsul komitələri bir ilə yaxın fəaliyyət göstərdi və 1921-ci ilin mayında I Ümumazərbaycan sovetlər qurultayından sonra yerlərdə fəhlə-kəndli sovetləri yaradılmağa başlandı.

 

62 il əvvəl...

22 sentyabr 1960-cı ildə Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Mali müstəqilliyini elan edib. Mali 1890-cı ildən Fransanın nəzarətində (Fransa Sudanı adı ilə) idi. Müstəqillik qazanandan sonra ölkədə 1992-ci ilədək hərbi diktatura mövcud olub.

 

58 il əvvəl...

21 sentyabr 1964-cü ildə Britaniyanın müstəmləkəsi olan Malta müstəqilliyini elan edib. Aralıq dənizindəki ada-dövlət Malta 1800-cü ildə ingilislərin nəzarətinə keçmiş və burada Britaniyanın hərbi-dəniz bazası qurulmuşdu. Malta müstəqillik əldə etsə də, formal olaraq Britaniya Birliyinə daxildir.

 

42 il əvvəl...

22 sentyabr 1980-ci ildə İraq-İran müharibəsi (1980-1988) başlayıb. İraq qoşunlarının İranla sərhəddə Şatt əl-Ərəb çayını nəzarətə götürməsi müharibənin faktiki səbəblərindən idi. Əsas geosiyasi səbəb isə Qərbin, xüsusilə də ABŞ-ın İranda yeni yaranan islam dövlətçiliyini devirmək idi. 8 il sürən müharibə rəsmən “heç-heçə” başa çatdı, iki ölkənin sərhədində 1980-ci ilədək mövcud olan status-kvo bərpa edildi. Lakin bu müharibə hər iki tərəfdən 1 milyondan çox insan itkisinə başa gəldi. Müharibədə İraqa yardım göstərən ABŞ 1991-ci ildən siyasətini dəyişərək Səddam Hüseyn rejimini devirmək qərarına gəldi və bunu 2003-cü ildə həyata keçirdi.

 

41 il əvvəl...

21 sentyabr 1981-ci ildə Mərkəzi Amerikada, Karib hövzəsində yerləşən Beliz müstəqilliyini elan edib. XVI əsrdə İspaniya tərəfindən işğal olunan Beliz 1862-ci ildə Britaniyanın nəzarətinə keçmişdi. Beliz Mərkəzi Amerikada müstəmləkə olmaqdan qurtulan sonuncu ölkələrdəndir.

1981-ci ildə BMT Baş Assambleyası tərəfindən  21 sentyabr – Beynəlxalq Sülh Günü ( “Qlobal atəşkəs və zorakılıqsız gün”) təsis edilib.

 

31 il əvvəl...

21 sentyabr 1991-ci ildə Rusiya və Qazaxıstan prezidentləri B.Yeltsin və N.Nazarbayev Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilik təşəbbüsü ilə Bakıya gəliblər. Bakıdan Dağlıq Qarabağa (Xankəndiyə), oradan isə Yerevana gedən Rusiya və Qazaxıstan rəhbərləri sentyabrın 23-də Jeleznovodskda (Rusiya) Azərbaycan və Ermənistan prezidentləri A.Mütəllibov və L-T.Petrosyanın ilk görüşünü təşkil etdilər.

 

29 il əvvəl...

21 sentyabr 1993-cü ildə Rusiyada prezident-parlament qarşıdurması başlanıb. Prezident Boris Yeltsin Ali Sovetin buraxılması, Konstitusiya islahatları və yeni qanunverici orqana – Dövlət Dumasına seçkilər haqqında fərman verib. Ali Sovet bununla razılaşmadı və vitse-prezident Aleksandr Rutskoyu prezident elan etdi. Ölkədə faktiki ikihakimiyyətlilik yarandı. Bu vəziyyət oktyabrın 3-4-dək (Ali Sovetin gülləbaran edilməsi) davam etdi.

Hazırladı: V.Orxan