Xəbər verdiyimiz kimi, sentyabrın 13-dən 18-dək “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Film Festivalı keçirilib. Festivala dünyanın 40-dək ölkəsindən 300-dən artıq kinematoqrafçı – rejissorlar, aktyorlar, kino sahəsinin mütəxəssisləri, eləcə də media nümayəndələri qatılıb.

Festivalda ölkəmiz də nümayəndə heyəti ilə təmsil olunub. Həmçinin 15-17 sentyabr tarixində Daşkənd və Buxara şəhərlərində “Azərbaycan kinosu günləri” təşkil edilib.

Festivalın reallaşdığı “Özbəkfilm”də Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə 2021-ci ildə özbək və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq və müştərək filmlərin çəkilməsini nəzərdə tutan memorandumun nəticələri müzakirə olunub. Qeyd edilib ki, memoranduma əsasən, Xalq artisti, kinorejissor Vaqif Mustafayevin müəllifi olduğu “Molla Nəsrəddin və yaxud çətin günlərimin dostu” kinolayihəsi yaxın gələcəkdə istehsalata buraxılacaq. “Azərbaycanfilm” Kinostudiyasının direktoru Nazim Hüseynov, kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev iki ölkə arasında mədəni əlaqələrin inkişafında kino sahəsinin önəmindən söz açıblar.

Sentyabrın 15-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) XIV Daşkənd Film Festivalı çərçivəsində “Azərbaycan kinosu günləri”nin açılışı olub.

Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi və şəhidlərə həsr olunmuş memorial lövhə önünə çiçək dəstələri düzüblər.

“Azərbaycan kinosu günləri”nin açılışı qardaş ölkədə böyük maraqla qarşılanıb, tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət ictimaiyyəti, yerli azərbaycanlılar, təhsil müəssisələrinin müəllim və tələbələri, mətbuat nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycanla sərhəddə törətdiyi təxribat zamanı həlak olan  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AMM-in direktoru Samir Abbasov çıxış edərək Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini, Prezident İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan müqavilələr ölkələrimiz arasında əməkdaşlıqda yeni imkanlar açdığını deyib. O, mədəniyyət sahəsində əlaqələrdən danışaraq, həm ötən il, həm də bu il Daşkənddə keçirilən beynəlxalq kinofestivalda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin təmsil olunduğunu, Azərbaycan filmlərinin Özbəkistanda böyük maraq və rəğbətlə qarşılandığını söyləyib.

“Özbəkkino” Milli Agentliyi”nin təmsilçisi, “Gənclik” Kinostudiyasının rəhbəri Adxam Nurkulov ölkədə son vaxtlar kinematoqrafçılara yaradılan şərait haqqında məlumat verib, festivalın əhəmiyyətindən, Azərbaycan kinematoqrafçıları ilə əməkdaşlıqdan danışıb.

Tədbirdə çıxış edən Azərbaycanın Xalq artisti, müğənni Gülyanaq Məmmədova bu günlərdə Özbəkistanın Xalq artisti adına layiq görüldüyü üçün Prezident Şavkat Mirziyoyevə minnətdarlıq edib, festivalın işinə uğurlar arzulayıb.

Sonra kinorejissorlar Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və oğulları” filmləri nümayiş etdirilib.

Hər iki rejissor filmləri haqqında danışaraq fikirlərini bölüşüblər.

Mədəniyyət Nazirliyinin sifarişi, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə “Salnaməfilm” studiyasında istehsal olunan “Torpaq” sənədli filmi (ssenari müəllifi Ayaz Salayev) 1988-ci ildə azərbaycanlıların öz dədə-baba yurdundan – Qərbi Azərbaycandan qovulmasından bəhs edir. Ekran əsərində soydaşlarımızın deportasiyası ilə bağlı tarixi faktlar, onların acı xatirələri əksini tapıb.

Bakı Media Mərkəzi, “Butafilm”, “Arizona Productions” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan  “Suğra və oğulları”  filmində İkinci Dünya müharibəsi dövründə Azərbaycanda, ucqar kənddə yaşayan insanların taleyindən bəhs olunur. Müharibə dövrünün keşməkeşlərini özündə cəmləşdirən filmdə sevgi və nifrətlə dolu həyat əksini tapıb.

Hər iki film tamaşaçıların, o cümlədən festival iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, “Azərbaycan kinosu günləri” çərçivəsində hər iki film 17 sentyabrda Buxara şəhərində də nümayiş olunub.

Sentyabrın 18-də “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Özbəkistan Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimov ölkə başçısının təşəbbüsü ilə keçirilən festivalın yüksək əhval-ruhiyyə ilə tarixə düşəcəyini söyləyib.

“Özbəkkino” Milli Agentliyinin baş direktoru Firdavs Abduxolikov ölkədə kinematoqrafiyanın inkişafının dövlət başçısının diqqətində olduğunu qeyd edib, 1968-ci ildə əsası qoyulmuş Daşkənd kinofestivalının yenidən dirçəldilməsi ideyası və təşəbbüsünün Prezident Şavkat Mirziyoyevə məxsus olduğunu söyləyib.

Bağlanış mərasimində “Kino 5 gündə” beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Azərbaycanlı gənc kinorejissor Aleksandr Hacıyevskinin “Turan” qısametrajlı filmi müsabiqənin xüsusi mükafatına layiq görülüb.

“Özbəkkino”nun baş direktoru Firdavs Abduxolikov qaliblərə mükafatlar, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim edib.