Sentyabrın 19-da Şuşada işə başlayan elmi-praktik konfransda əvvəlcə son günlərdə  Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqləri ilə startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran, Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov çıxış ediblər.

İsrailli ekspert Tal Katran bildirib ki, ötən gün qonaqlar üçün maraqlı olub. Şuşaya səfər zamanı gördüklərimiz bizə həm kədərli, həm də sevincli hisslər yaşadıb. Törədilən dağıntılardan sonra Qarabağın sürətlə bərpası və əvvəlki vəziyyətinə qayıtmasını görmək bizi valeh edib.

“Bu gün dünyada mədəniyyət və yaradıcı sahədən iki trilyon dollara yaxın gəlir əldə olunur. Biz konfransda məhz bunu müzakirə edəcəyik. Qarabağın gələcəyi barədə müzakirələrin aparılacağı tədbirlər davamlı olaraq keçiriləcək”, – deyə o bildirib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd torpaqlarımızın işğaldan azad olunmasından sonra bu ərazilərdə mədəni və yaradıcı sənayelərin inkişafına töhfə verməkdən ibarətdir. Qeyd edib ki, Şuşa Azərbaycan mədəniyyətində müstəsna yerə malikdir, burada Azərbaycan mədəniyyətinə töhfəsini vermiş dahi şəxsiyyətlər dünyaya göz açıb.

“Konfransın əsas məqsədi Azərbaycan mədəniyyətinin potensialının müəyyən olunmasıdır. Azərbaycan mədəniyyətinin fərqli cəhətlərindən biri onun sülhsevərliyidir. Mədəniyyətimiz insansevərdir, nifrət və dözümsüzlük yaymır. İstəyirik ki, bizim mədəniyyətimiz dünyanın yaradıcı sənaye bazarında öz yerini tutsun, onun yaratdığı zövq iqtisadiyyatımıza töhfə versin, mədəniyyət xadimlərinin yaratdığı məhsul dünyada tanınsın. Bizim mədəni iqtisadiyyatda çox böyük potensialımız var”, – deyə nazirin birinci müavini diqqətə çatdırıb.

İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov qeyd edib ki, bu günlərdə Azərbaycanda mədəniyyətə hər kəs, sadəcə, istehlakçı kimi baxır. O bildirib ki, konfransdan əvvəl mədəniyyət iqtisadiyyatı ilə əlaqədar araşdırmalar aparılıb. Artıq əsas etibarilə alimlər arasında bu sahəyə maraq yaranıb.

Sonra mədəniyyət iqtisadiyyatı üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite azad edilmiş torpaqlarda mədəni dirçəliş mövzusunda çıxış edib. Bildirib ki, tədbirin Şuşada keçirilməsi simvolik xarakter daşıyır. İşğal edilmiş ərazilərdə mədəniyyətin bərpası unikal hadisədir. “Mədəniyyət iqtisadiyyatı dünyada aktual mövzulardan biridir. Bu sahədə məlumatların toplanılması, statistik monitorinq sisteminin olması vacibdir. Mədəniyyət iqtisadiyyatının inkişafı üçün ölkəyə bu sahə üzrə ixtisaslaşmış şirkətləri, müxtəlif peşə sahiblərini dəvət etmək, bir araya gətirmək vacibdir”, – deyə o vurğulayıb.

 

Azad edilmiş torpaqlarda mədəni dirçəliş

 

Konfransda “Azad edilmiş torpaqlarda mədəni dirçəliş və mədəni iqtisadiyyat” mövzusunda panel müzakirəsi aparılıb.

Startaplar üzrə israilli ekspert Tal Katranın moderatorluğu ilə keçirilən paneldə multidisiplinar dizayner Nejla Güvenc, investisiya məsləhətçisi və şəxsi kapital üzrə mütəxəssis Rahul Yadav, Azərbaycan Milli Konservatoriyasının şöbə müdiri Cahangir Səlimxanov və “Experience UK” Məsləhət Şurasının üzvü Emili Smit çıxış ediblər.

Multidisiplinar dizayner Nejla Güvenc Türkiyədə yaradıcı mədəniyyət sahəsindəki öz təcrübələrini bölüşüb. Deyib ki, mədəniyyət iqtisadiyyatının inkişafı üçün qeyri-hökumət təşkilatları da fəal şəkildə çalışmalıdır. Həmçinin bildirib ki, Türkiyədə bu sahəyə maraq son illərdə artıb: “Türkiyə bu il Avropada oyun sektoruna ən çox yatırım edən ölkədir. Həmçinin dəyişdirilə bilməyən nişanlar (non-fungible token – NFT) sahəsində də böyük inkişaf var. İnsanlar öz yaradıcılıq məhsullarını NFT şəklində virtual olaraq satışa çıxarırlar. Düşünürəm ki, Azərbaycanda da bu sahə üzrə işlər görülməlidir”.

İnvestisiya məsləhətçisi və şəxsi kapital üzrə mütəxəssis Rahul Yadav Şuşanın mədəniyyət iqtisadiyyatı sahəsində böyük potensialının olduğunu bildirib. Qeyd edib ki, Şuşa xüsusi platformaya çevrilməlidir. Bunun üçün müxtəlif qurumların, mütəxəssislərin bu sahədə vəzifələrinin təyin olunması üçün xüsusi strategiya üzərində işləmək lazımdır. “Azərbaycan hökumətinin infrastruktur və idarəetmədə böyük təcrübəsi var. Bu təcrübə vasitəsilə Şuşa böyük bir platformaya çevrilə bilər”, – deyə o əlavə edib.

Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov Şuşanın mədəni irsinin yayılması məqsədilə virtual yayımların həyata keçirilməsinin xeyirli olacağını qeyd edib. Bildirib ki, sahə üzrə peşəkar insanların buraya gəlməsi, mədəniyyət iqtisadiyyatı sahəsində işlərin görülməsi üçün imkanlar yaratmaq lazımdır.

“Experience UK” Məsləhət Şurasının üzvü Emili Smit bildirib ki, mədəniyyət iqtisadiyyatı sahəsi üzrə Şuşada müxtəlif işlər görmək üçün böyük potensial var. Diqqətə çatdırılıb ki, gələcəkdə Şuşada virtual olaraq konfransların həyata keçirilməsi, incəsənət xadimləri ilə bir sıra proqramların təşkil edilməsi mümkündür: “İnternetdə Şuşadan canlı yayın və videolar paylaşmaq olar. Mən bu şəhərdə böyük potensialın olduğunun şahidiyəm. Mədəniyyət iqtisadiyyatı üzrə müxtəlif sahələrdə reallaşdırılacaq layihələrdə bir çox qurumların iştirakı da vacib məsələdir”.

***

Sonra konfransda “Davamlı şəhərlərdə və icmalarda mədəniyyət iqtisadiyyatı” mövzusunda məruzə dinlənilib.

Maliyyə eksperti Karl Reinberger məruzə ilə çıxış edib. Məruzədə almaniyalı ekspert dünya təcrübəsindən yararlanaraq Şuşada mədəni iqtisadiyyat sahəsinin inkişaf etdirilməsi barədə danışıb. Diqqətə çatdırıb ki, geniş məlumat bazasının mövcudluğu, beynəlxalq reytinq göstəricilərində yüksək sıralarda yer alması ölkəyə investisiya yatırılması baxımından vacibdir.

“Bu il Azərbaycanda “Şuşa İli” elan olunub. Azad edilmiş ərazilərdə şəhərlərin inşasında “Ağıllı şəhər” konsepsiyasından istifadə olunması vacibdir. Bu, iqtisadi inkişafa müsbət təsir göstərir. Azərbaycanın perspektivi çox genişdir”, – deyə o qeyd edib.

 

Şuşadan Şuşa üçün inkişaf impulsları

 

Daha sonra konfransda “Şuşadan Şuşa üçün inkişaf impulsları” mövzusunda dəyirmi masalar təşkil olunub.

Dəyirmi masalarda “Mədəni iqtisadiyyat və davamlı iqtisadiyyat azad edilmiş ərazilərdə necə sinerji və sosial təsir yaradır?”, “Mədəniyyət sektorunda dövlət-özəl tərəfdaşlığı və mədəniyyətin maliyyələşdirilməsində səmərəlilik variantları”, “Azad edilmiş ərazilərin bütövlüyü üçün cəmiyyəti bir vasitə olaraq cəlb etmək”, “Mədəniyyət ölkənin xaricdə brendinq strategiyasının fonu kimi” və “Yaradıcı sənayelərdə dairəvi iqtisadiyyat necə gəlir gətirə bilər?” mövzularında müzakirələr və fikir mübadilələri aparılıb, mövzular üzrə suallar cavablandırılıb.

Moderatorlar hər bir mövzu üzrə öz tövsiyələrini və təkliflərini bölüşüblər.

Bununla da beynəlxalq konfrans ilk iş gününü Şuşada başa vurub.