“Cultural Network House” Assosiasiyası (“Mədəniyyət Şəbəkəsi Evi”) ötən həftə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfinin sədri Aygün Attarın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan ATİV, TİKA, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türk Tarix Qurumu təmsilçiləri və müxtəlif sahələri təmsil edən elm adamlarından ibarət heyəti öz ofisində qonaq edib.

“Köklü keçmiş, güclü gələcək” simpoziumunun iştirakçıları “Cultural Network House” tərəfindən təşkil olunan mədəniyyət mübadiləsi gecəsində iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Assosiasiyanın sədri Aynur Süleymanzadə qonaqlara fəaliyyətləri və həyata keçirdikləri layihələr haqqında məlumat verib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli öz təqdimatında otuzillik işğal dövründə Azərbaycanın mədəni abidələrinə vurulan zərər və azad edilmiş torpaqlarda abidələrin bərpası, qorunması və bu mədəni irsin dünyaya tanıdılması istiqamətində aparılan işlər barədə qonaqları məlumatlandırıb.

Tədbirdə Qarabağın mədəni abidələrinin işğaldan sonrakı vəziyyəti və bərpasını özündə əks etdirən “Şuşa” kitabının təqdimatı da keçirilib.

Qonaqlar “Cultural Network House” Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirərək, elm və mədəniyyət sahələrində işbirliyinə dair müzakirələr aparıblar.