Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mərkəzi Kitabxanasının binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Mərasimdə mədəniyyət naziri Anar Kərimov, nazirliyin əməkdaşları, kitabxananın kollektivi iştirak edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev kitabxanada yaradılan şəraitlə bağlı nazir Anar Kərimova məlumat verib.

Bildirilib ki, 600 kv m sahəsi olan kitabxana müasir standartlara uyğun təmir edilib, yeni inventar və avadanlıqlarla təchiz olunub. Kitabxananın interyeri yeni üslubda, fərqli şəkildə qurulub. Yeni nəsil kompüterlər, sürətli internet və wifi zona ilə təchiz olunan kitabxanada oxucuların daha geniş məlumat əldə etmələri üçün şərait yaradılıb. Onlar latın qrafikalı əlifba ilə nəşr olunmuş elmi-kütləvi və bədii ədəbiyyat, dərsliklər, müxtəlif  ixtisaslar üzrə kitablarla zənginləndirilmiş fonddan rahat şəkildə istifadə edə biləcəklər. Müasir dizaynda oxu masaları, kitab rəfləri də istifadəçi rahatlığı nəzərə alınaraq hazırlanıb.

Mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, kitabxanalar maarif, elm ocağı olduğu üçün belə bir müəssisələrin müasir tələblər səviyyəsində qurulmasının böyük önəmi var: “Çünki elm, mədəniyyət kitabdan başlayır. Sirr deyil ki, indiki dövrdə kitaba maraq getdikcə azalır. Ancaq biz kitaba və mütaliəyə olan marağı artırmaq üçün əlimizdən gələni etməliyik. Bunun üçün müasir üsullardan yararlanmalı, gənclərimizi kitabxanalara cəlb etməliyik. Mədəniyyət Nazirliyi tərəfindən də bu istiqamətdə zəruri köməklik göstəriləcək”.

Anar Kərimov kitabxana kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, kitabxana 1924-cü ildə yaradılıb. 1936-cı ildən Maksim Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu kimi fəaliyyət göstərib. 2011-ci ildə onun bazasında Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası yaradılıb. Mərkəzi Kitabxananın 6 filialı var.

Bakı şəhər kütləvi kitabxanaları arasında ilk dəfə Səbail rayon Mərkəzi Kitabxanasında elektron kataloq təşkil edilib. Burada Oxuculara xidmət şöbəsi, Uşaq şöbəsi, Komplektləşdirmə və kitabişləmə, Metodika və biblioqrafiya, İnformasiya-resurs və Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələri fəaliyyət göstərir. Kitabxananın saytı (sabail.cls.az) və elektron kataloqu istifadəçilərin ixtiyarındadır.

Mərkəzi Kitabxana və filiallar  vasitəsilə il ərzində ümumilikdə 50 mindən çox oxucu müraciəti üzrə ənənəvi və virtual xidmət göstərilir. Hazırda Mərkəzi Kitabxananın fondu 268 min nüsxə təşkil edir, oxucuların sayı 13509 nəfərdir.