Dekabrın 7-də Heydər Əliyev Sarayında A.Çexov adına Moskva Bədaye Teatrının aktyorları – Rusiyanın Xalq artisti Dmitri Nazarovun və Əməkdar artist Olqa Vasilyevanın iştirakı ilə “Sevginin kökü” adlı antrepriz tamaşa oynanılacaq.

Tamaşa müasir rus dramaturqu Anna Beryozanın “Yaşıl göl. Qırmızı su” və “Esxatoloji romans” pyeslərinin sintezi əsasında hazırlanıb. Bu günlərdə Bakıya gələn sənətçilər Heydər Əliyev Sarayında mətbuat konfransı keçiriblər.

Bakıda ilk dəfə olduqlarını diqqətə çatdıran aktyorlar deyiblər: “Bu şəhərdə Odessanın, İtaliya şəhərlərinin, Moskvanın, habelə Nyu-Yorkun əlamətləri görünür. Bütün bunlar çox gözəl harmoniya yaradır. Şəhərdə Azərbaycan xalqına xas olan qonaqpərvərlik, səmimiyyət və xeyirxahlıq hiss olunur. Bakı çox xoşumuza gəldi, ona görə gələcəkdə bəzi layihələrimiz ola bilər. Gələcəkdə müxtəlif mədəniyyətlərin sintezini yaratmaq istərdik, çünki teatr sənəti bunu özündə birləşdirə bilər. Bakıdakı Akademik Rus Dram Teatrı ilə birgə layihədə iştirak etmək olardı. Biz belə təklifləri qəbul etməyə hazırıq...”.