Parisdə, UNESCO-nun qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) UNESCO yanında qrupunun 2022-ci ildə üçüncü iclası keçirilib. İclasa Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev sədrlik edib.

İclasın gündəliyi qəbul olunduqdan sonra daimi nümayəndə QH ölkələrinin UNESCO-ya yeni təyin olunmuş səfirlərini salamlayaraq, onlara işlərində uğurlar arzulayıb.

Sonra o, cari ilin iyun ayında keçirilmiş iclasdan sonra Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirdiyi işlərdən danışıb.

QH ölkələrinin səsinin UNESCO platformasında daha yaxşı eşidilməsi üçün İcraiyyə Şurasında (İŞ) bu ölkələrin səfirlərinin koordinasiya qrupunun yaradılmasını xatırladan E.Abdullayev bildirib ki, oktyabr ayında keçiriləcək İŞ-nin sessiyası zamanı müəyyən mövzular üzrə çıxışlar ediləcək. Bir sıra səfirlər qeyd olunan təşəbbüsü təqdir edərək dəstəklərini dilə gətiriblər.

İclas Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.