Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində oktyabrın 7-də və 8-də Xalq yazıçısı Anarın əsəri əsasında hazırlanmış “Mən, sən, o və telefon” tamaşasının premyerası olacaq.

Tamaşanın quruluş müəllifi Sankt-Peterburqda (Rusiya) yaşayan həmyerlimiz, istedadlı rejissor Ərşad Ələkbərovdur. Quruluşçu rəssam da Rusiyadan dəvət olunmuş Kristina Danilinadır.

Xatırladaq ki, Ərşad Ələkbərov Rusiyada, Qazaxıstanda tamaşalar qoyub. Bu, onun Akademik Rus Dram Teatrı ilə ilk əməkdaşlıq təcrübəsi deyil. Bundan əvvəl teatrda Yevgeni İoneskonun “Kral ölür” pyesi əsasında “Mərasim” tamaşasını səhnələşdirib.

Rejissorun sözlərinə görə, “Mən, sən, o və telefon” tamaşası universal, başa düşülən və tamamilə hər yaşda olan tamaşaçıların hiss edə biləcəyi bir hekayədir.

“Deyə bilərəm ki, darıxdırıcı olmayacaq! Gənc aktyorların çoxunu tamaşaçılar ilk dəfə görəcək, bir çoxları yenidən kəşf olunacaq. Bir sözlə, bu, kəşflər tamaşası olacaq” deyən rejissor daha çox insan hisslərinin səhnə ifadəsini sadə şəkildə verməyə çalışdığını yada salıb.