Azərbaycan

 

24 sentyabr 1977 – Tanınmış şair, Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə; 20.10.1913 – 1977) vəfat edib. Ədəbi nəşrlərdə müxtəlif vəzifələrdə çalışıb. Rus dilindən ədəbi tərcümələr edib.

 

25 sentyabr 1890 – Folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 – 2.9.1988) anadan olub.

25 sentyabr 1896 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Sergey Mitrofanoviç Yefimenko (1896-1971) anadan olub. 1927-ci ildən Dövlət Rus Dram Teatrında rəssam və baş rəssam işləyib, Opera və Balet Teatrında çalışıb.

25 sentyabr 1906 – Azərbaycanın və Türkmənistanın Əməkdar artisti, opera müğənnisi Xanlar Məmməd oğlu Haqverdiyev (1906 – 5.12.1980) Ağdam rayonunun Seyidli kəndində doğulub. Akademik Opera və Balet Teatrında çalışıb. 1930-cu illərdə Türkmənistanda Opera və Dram Teatrının yaradılmasında böyük xidmətləri olub.

25 sentyabr 1906 – Xalq artisti Solmaz (Nina) Orlinskaya (1906-1973) anadan olub. Tiflis Azərbaycan teatrında çalışıb, 1933-cü ildən Gəncə Dram Teatrının aktrisası olub.

25 sentyabr 1910 – Xalq artisti Sergey İliç Yakuşev (1910-1995) Həştərxanda doğulub. 1948-ci ildən Dövlət Rus Dram Teatrının aktyoru olub.

25 sentyabr 1913 – Xalq rəssamı, Dövlət mükafatları laureatı Nüsrət Möhsün oğlu Fətullayev (1913 – 1.10.1987) Lənkəran rayonunda doğulub. 1935-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, teatrın baş rəssamı olub.

25 sentyabr 1913 – Yazıçı Şəmistan Yusif oğlu Əsgərov (1913-1985) anadan olub. Kitabları: “Müstəntiq Cəbrayılov”, “İtmiş güllə”, “Üç düşmən” və s.

25 sentyabr 1928 – Kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Arif Hacağa oğlu Babayev (1928 – 26.8.1983) Bakıda doğulub. Filmləri: “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.

25 sentyabr 1929 – Kitabxanaşünas alim Tacəddin Fərhad oğlu Quliyev (1929-2005) Goranboy rayonunun Zeyvə kəndində anadan olub. Respublika Kitabxana Kollektorunun direktoru, BDU-nun kafedra müdiri işləyib.

25 sentyabr 1935 – Tanınmış ədəbiyyatşünas, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 – 6.6.1997) anadan olub. “Dairələr”, “İnsan yolu”, “Tarixə çatmaq” və d. fəlsəfi-bədii əsərlərin müəllifidir.

25 sentyabr 1984 – Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Talıb qızı Kazımova (27.12.1912 – 1984) vəfat edib.

 

26 sentyabr 1936 – Əməkdar artist, tanınmış rəqqas Kamil Hənifə oğlu Dadaşov (1936 – 15.10.2016) Bakının Novxanı kəndində anadan olub.

26 sentyabr 1951 – Xalq artisti Ramiz Soltan oğlu Məmmədov (1951 – 21.3.2021) anadan olub. Akademik Musiqili Teatrda çalışıb. Televiziya tamaşalarında, filmlərdə (“Alma almaya bənzər”, “Yalan”) çəkilib.

26 sentyabr 1961 – Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897 – 1961) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.

26 sentyabr 1967 – Əməkdar artist Nağəddin Ağarza oğlu Məmmədov (1967 – 22.5.2019) Göygöl rayonunda doğulub. Gəncə Dövlət Kukla Teatrının aktyoru olub.

26 sentyabr 2002 – Əməkdar artist, vokalçı (soprano) Mariya Sergeyevna Titarenko (27.3.1917 – 2002) vəfat edib. Akademik Opera və Balet Teatrının solisti olub.

 

26 sentyabr 2008 – Əməkdar incəsənət xadimi, kinooperator Şərif İsmayıl oğlu Şərifov (13.10.1938 – 2008) vəfat edib. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Qərib cinlər diyarında” və s.

26 sentyabr 2011 – II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirilib. Sərgi-yarmarka 30 sentyabradək davam edib.

26 sentyabr 2019 – Tanınmış müğənni Cəfər Ağaəli oğlu Behbudov (17.8.1951 – 2019) vəfat edib.

26 sentyabr 2021 – Əməkdar incəsənət xadimi, bəstəkar Adil Musa oğlu Bəbirov (15.2.1934 – 2021) vəfat edib. Ömrünün son illərini Kanadada yaşayıb.

 

27 sentyabr 1930 – Əməkdar mədəniyyət işçisi Nina Qriqoryevna Fişeva (1930 – 29.8.2010) Bakıda anadan olub. Ömrünü arxiv işinə həsr edib, 1959-2009-cu illərdə Azərbaycan Respublikası Dövlət Foto-Kino Sənədlər Arxivinin direktoru işləyib.

27 sentyabr 1931 – Əməkdar incəsənət xadimi, musiqişünas, professor Bilqeyis Mir Əbdül Qəni qızı Qarayeva-Məmmədova (1931 – 3.7.2010) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) prorektor işləyib.

27 sentyabr 2012 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Atakişiyev (20.5.1940 – 2012) vəfat edib. Musiqili Komediya, Ağdam, Gəncə teatrlarında çalışıb.

27 sentyabr 2021 – Xalq artisti, tanınmış müğənni Teymur İbrahim oğlu Mirzəyev (1936–2021) vəfat edib. “Qaya” vokal kvartetinin bədii rəhbəri olub.

 

Dünya

 

24 sentyabr 1896 – Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald; 1896 – 21.12.1940) anadan olub. Əsərləri: “Cənnətin bu tərəfində”, “Gözəl və lənətlənmişlər”, “Böyük Qetsbi” və s.

24 sentyabr 1934 – İngilis fantast-yazıçısı Con Branner (John Kilian Houston Brunner; 1934-1995) anadan olub.

 

25 sentyabr 1765 – Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski; 1765–1833) anadan olub.

25 sentyabr 1897 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1949) Vilyam Folkner (William Cuthbert Faulkner; 1897–1962) anadan olub. “Avqustda işıq”, “Şəhər”, “İmarət” və s. romanların müəllifidir.

25 sentyabr 1906 – Rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (1906 – 9.8.1975) anadan olub. “Burun”, “Mtsen qəzasının ledi Makbeti” operaları, “Qızıl əsr”, “İşıqlı bulaq” baletləri, 15 simfoniya və s. əsərlərin müəllifidir. Moskva Dövlət Konservatoriyasında Qara Qarayevin müəllimi olub.

 

26 sentyabr 1888 – Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Eliot (Thomas Stearns Eliot; 1888–1965) anadan olub. XX əsr modern poeziyasının parlaq nümayəndələrindən biridir.

26 sentyabr 1889 – Alman filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Martin Haydeger (Martin Heidegger; 1889 – 26.5.1976) anadan olub.

 

27 sentyabr 1871 – İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1926) laureatı Qrasiya Deledda (1871–1936) anadan olub.

Hazırladı: Vüqar Orxan