Xəbər verdiyimiz kimi, “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində “Azərbaycan kinosu günləri” təşkil edilib. Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) açılışı olan tədbir Özbəkistanın qədim Buxara şəhərində davam edib.

Buxara Dövlət Universitetində keçirilən tədbirdə yerli rəsmilər iştirak ediblər. Buxara Vilayəti rəhbərinin müavini Mirəli Xamrayev Azərbaycandan gələn qonaqlara öz təşəkkürünü bildirərək, belə tədbirlərin keçirilməsinin iki ölkə arasında dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsinə səbəb olduğunu söyləyib.

Rejissor İlqar Nəcəf tədbir iştirakçılarını salamlayaraq, rejissoru olduğu “Suğra və oğulları” filmi haqqında məlumat verib. Bildirib ki, ekran əsərində İkinci Dünya müharibəsi dövründə Azərbaycanda, ucqar kənddə yaşayan insanların taleyindən bəhs olunur. Sonra “Suğra və oğulları” filmi nümayiş etdirilib.

Qeyd edək ki, İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmi, eləcə də kinorejissor Ayaz Salayevin “Torpaq” sənədli filmi XIV Daşkənd Beynəlxalq Film Festivalının proqramında yer almışdı. Festival 13-18 sentyabr tarixində keçirilib.