Avropa Kino Akademiyasının təşəbbüsü ilə qitənin kino ilə bağlı məşhur məkanlarının siyahısı tərtib edilir. Məqsəd Avropa kinematoqrafı üçün rəmzi məna daşıyan, tarixi dəyərə malik, gələcəkdə də dəstəklənməsinə və qorunub saxlanmasına ehtiyac olan yerləri və məkanları müəyyən etməkdir.

“European Film Awards” mükafatının 35-ci dəfə təqdim edilməsi mərasimi ilə əlaqədar bu il siyahıya daha 22 yerin adı əlavə edilib və beləliklə, rəmzi məkanların ümumi sayı 35-ə çatıb. Siyahıda İspaniya və Portuqaliyanın əlamətdar məkanları da var.

Portuqaliyanın Portu şəhərindəki Ribeyra-du-Portu yaşayış məhəlləsinin və sahil küçəsinin tarixi dəyərinin dəstəklənməsi və qorunub saxlanılması zəruri olduğuna görə Avropa Kino Akademiyası bu məkanı Avropa kino mədəniyyəti incilərindən biri kimi seçib. Manuel di Oliveyranın üç məşhur filmi Ribeyra-du-Portuda çəkilib: “Doru, əməkçilər çayı” (1931), “Aniki Bobo” (1942) və “Mənim uşaqlıq limanım” (2001). Portuqaliyada adı incilər siyahısına daxil edilmiş yeganə məkan Ribeyra-du-Portudur.

İspaniyanın paytaxtı Madriddəki “Sirkulo de Bellas Artes” Mədəniyyət Mərkəzində ölkənin ən qocaman kinoteatrlarından biri yerləşir. Antonio Drouvun “Savoltanın işi haqqında həqiqət” (1980), Pere Portabelyanın “Əsas hesabat” (1977), Conas Truebanın “Ülyahəzrət” (2019) filmləri kimi məşhur ekran əsərləri bu binada çəkilib.

Akademiyanın direktoru Matteys Vouter Knolun sözlərinə görə, siyahıya hər il yeni məkanlar əlavə olunacaq.