Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

651 il əvvəl...

26 sentyabr 1371-ci ildə Serbiya ərazisindəki Maritsa çayı sahilində serb, xorvat, bolqar və macarların müttəfiq ordusu ilə Osmanlı qoşunları arasında döyüş olub. Sultan İldırım Bəyazidin qoşunları müttəfiqlərin ordusunu darmadağın edib. Bu qələbədən sonra Serbiya və indiki Bolqarıstanın əsas hissəsi, habelə Makedoniya və Qərbi Frakiya Osmanlının nəzarətinə keçib. Osmanlının Balkan yarımadasında hökmranlığı təxminən 5 əsr sürdü.

 

488 il əvvəl...

27 sentyabr 1534-cü ildə Sultan I Süleymanın (Qanuni) başçılıq etdiyi Osmanlı ordusu Şah Təhmasibin başçılıq etdiyi Səfəvi qoşunlarını məğlub edərək Cənubi Azərbaycanın bir hissəsini, o cümlədən Təbrizi ələ keçirib. Lakin yerli əhalinin müqaviməti, eləcə də qışın sərt keçməsi və ərzaq çatışmazlığı Osmanlı qoşunlarını geri dönməyə məcbur edib.

 

467 il əvvəl...

25 sentyabr 1555-ci ildə Almaniyada katoliklərlə protestantlar arasında çoxillik müharibəyə son qoyan “Auqsburq sülhü” imzalanıb. İmperator V Karl və protestantlığı qəbul etmiş alman knyazları arasında imzalanan sazişə görə, katoliklər xristianlıqdakı lüteran (protestant) təriqətini rəsmən tanıdılar. Almaniya Avropada protestantlığın mərkəzinə çevrildi.

 

117 il əvvəl...

24 sentyabr 1905-ci ildə Norveç İsveç Krallığından ayrılaraq müstəqil dövlət olub. İsveç-Norveç uniyası (ittifaqı) 1751-ci ildə bağlanmışdı. Həmin ittifaqadək Danimarka Krallığının nəzarəti altında olan Norveç İsveçlə uniya bağladıqdan sonra nisbi özünüidarə hüququ qazanmışdı. Maraqlıdır ki, müstəqilliyini elan edəni Norveçin ilk kralı danimarkalı VII Haakon oldu. Danimarka Norveçin ərazisi sayılan Qrenlandiyanı da öz nəzarətində saxladı.

 

109 il əvvəl...

24 sentyabr 1913-cü ildə İrlandiya Böyük Britaniya Krallığı tərkibində muxtariyyət statusu alıb. Bununla bağlı xüsusi sənəd – “Qomrul haqqında qanun” qəbul edilib. 1949-cu ildə Cənubi İrlandiya müstəqil dövlət oldu, Şimali İrlandiya isə nisbi özünüidarə hüququ ilə Britaniyanın tərkibində qaldı.

 

104 il əvvəl...

26 sentyabr 1918-ci ildə Azərbaycanın bütün ərazisində Cümhuriyyət hakimiyyətini bərqərar etmək üçün hərbi əməliyyatları davam etdirən Nura paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Qarabağda erməni-daşnak qüvvələrinə güclü zərbə vuraraq Şuşa şəhərinə daxil olub. Əhali xilaskar ordunu təntənə ilə qarşılayıb.

 

90 il əvvəl...

23 sentyabr 1932-ci ildə Səudiyyə Ərəbistanı Krallığı yaranıb. Ərəbistan yarımadasında geniş sahəni (2,15 milyon kv km) əhatə edən Səudiyyə tayfalarının birləşmə prosesi XIX əsrin əvvəlində başlanmışdı. 1927-ci ildə İbn Səud Hicaz, Hecd və s. bölgələri birləşdirdi, beş il sonra Səudiyyə Ərəbistanı krallıq elan edildi.

 

49 il əvvəl...

24 sentyabr 1973-cü ildə Portuqaliyanın Qərbi Afrikadakı müstəmləkəsi olan Qvineya-Bisau müstəqilliyini elan edib. Qvineya-Bisau Afrikada müstəmləkədən qurtulan sonuncu ölkələrdən idi.

 

33 il əvvəl...

23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-in dövlət suverenliyi haqqında” Konstitusiya qanununu qəbul edib. Sənəddə belə bir müddəa əksini tapmışdı ki, ittifaq (SSRİ) səviyyəsində qəbul olunmuş qanunvericilik aktı Azərbaycanın suverenliyinə xələl gətirərsə, onun respublika ərazisində qüvvəsi dayandırılacaq.

 

29 il əvvəl...

24 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olub. Moskvada MDB dövlət başçılarının sammitində iştirak edən prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev, Milli Məclisin ona verdiyi səlahiyyətə əsasən, ölkəmizin quruma üzvlüyü barədə sənədləri imzalayıb.

 

28 il əvvəl...

24 sentyabr 1994-cü ildə Prezident Heydər Əliyev televiziya ilə xalqa müraciət edib. Prezident 20 sentyabrda imzalanan “Əsrin müqaviləsi”nə qarşı çıxan daxili və xarici qüvvələr tərəfindən ölkədə vəziyyəti gərginləşdirmək cəhdləri edildiyini, lakin bunun qarşısının qətiyyətlə alınacağını vurğulayıb. Müraciətdən bir gün öncə (23 sentyabr) dövləti cinayətlərə görə həbs olunmuş bir qrup şəxs MTN-in təcridxanasından qaçırılmışdı.

Hazırladı: V.Orxan