Nazir Anar Kərimov Göyçayda müəssisələrə baxış keçirib, mədəniyyət işçiləri ilə görüşüb

 

Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, yerlərdəki mədəniyyət müəssisələrində vəziyyətlə tanışlıq və işin effektivliyinin artırılması məqsədilə nazirlik tərəfindən bölgələrə müntəzəm səfərlər təşkil olunur.

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 22-də Göyçay rayonuna səfər edib.

Anar Kərimov əvvəlcə Göyçay şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Səfər çərçivəsində mədəniyyət naziri bir sıra tarixi abidələrə və mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin maddi-texniki imkanları, cari vəziyyəti və fəaliyyət istiqamətləri haqqında məlumat alıb.

Anar Kərimov Göyçayın Bığır kəndi ərazisində 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qüvvələrinə qarşı mübarizədə şəhid olmuş Qafqaz İslam Ordusu əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Burada Göyçay-Qaraməryəm döyüşlərində şəhadətə qovuşan türkiyəli qardaşlarımızın – 13 zabit, 235 əsgər və çavuşun xatirəsi əbədiləşdirilib.

Sonra nazir Göyçay rayon Bığır kənd Folklor evinə və rayon MKS-nin kənd kitabxana filialına baxış keçirib.

Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti ilə tanışlıq zamanı bildirilib ki, 1984-cü ildə yaradılan muzeyin 2012-ci ildə yeni binası istifadəyə verilib, muzeyin ekspozisiyası iki mərtəbədə yerləşdirilib. Hazırda muzeydə 6758 eksponat qorunub saxlanılır, onlardan 1100-ü daimi sərgilənir.

Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbinə gələn nazirə məlumat verilib ki, bədii tədris ocağı 1957-ci ildə fəaliyyətə başlayıb. 2016-cı ildə yeni bina ilə təchiz olunan məktəbdə hazırda fortepiano, skripka, tar, kamança, qarmon, xanəndə və nağara sinifləri fəaliyyət göstərir. Burada 377 şagirdin təlim-tərbiyəsi ilə 94 müəllim məşğul olur.

Qeyd edək ki, musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləmiş Alim İbrahimov 2020-ci ildə 44 günlük Vətən müharibəsində Tərtərin Suqovuşan qəsəbəsi istiqamətində ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Səfər zamanı 1982-ci ildən Xalq şairi Rəsul Rzanın adını daşıyan Göyçay rayon Mədəniyyət Mərkəzinə də baxış keçirilib. Müəssisənin yerləşdiyi 1200 kvadratmetr sahəsi olan ikimərtəbəli bina 1962-ci ildə istifadəyə verilib. 2019-2021-ci illərdə Mədəniyyət Nazirliyi tərəfindən burada əsaslı təmir işləri aparılıb. Mərkəzin tabeliyində 9 kənd mədəniyyət evi və 17 kənd klubu fəaliyyət göstərir.

Göyçay rayon MKS-nin Mərkəzi Kitabxanasına baxış keçirən nazir kitabxananın ümumi fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat alıb.

Nazir yerli əhəmiyyətli memarlıq abidəsi Yeraltı hamama (inv. № 4269) da baxış keçirib. Məlumat verilib ki, Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. Yeraltı hamam adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib.

Qeyd edək ki, sözügedən müəssisələrin yerləşdiyi binaların qarşısında tikilinin təyinatı, maddi-texniki vəziyyəti və fəaliyyətinin əsas istiqamətlərinin əks olunduğu lövhələr də quraşdırılıb.

Səfər çərçivəsində Anar Kərimov Göyçayın qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canından keçən fədailərin xatirəsinə dərin ehtiramını bildirib.

Sonra nazir Göyçay rayonunda Azərbaycanın şair və yazıçılarının xatirəsinin əbədiləşdirilməsi üçün 2018-ci ildə yaradılan “Əbədiyaşar ədiblər” abidə kompleksinə baş çəkib.

Mədəniyyət naziri Göyçay şəhərinin mərkəzində 1903-cü ildə inşa edilən yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidə də baxış keçirib. Məlumat verilib ki, müvafiq dövlət qeydiyyatında olan (inv. № 4268) məscidin binasında 2018-2019-cu illərdə əsaslı yenidənqurma işləri aparılıb. Qeyd edək ki, dini abidənin memarı Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovdur.

Anar Kərimov Xalq şairi Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyində də olub. Məlumat verilib ki, 2004-cü ildə yaradılan muzeyin ekspozisiya planı 2015-ci ildə yenilənib. Eksponatların çox hissəsi Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tərəfindən muzeyə bağışlanıb. Muzeyin ümumi fondunda 1085 eksponat var və onlardan 449-u daimi ekspozisiyada yer alır. Qeyd edək ki, muzeyin binası 2022-ci ildə yeni aşkar olunmuş abidələrin siyahısına əlavə edilib.

Göyçay Rayon Heydər Əliyev Mərkəzinə gələn nazir burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, Göyçaya səfəri zamanı rayon ictimaiyyəti ilə keçirdiyi görüşləri əks etdirən fotolara və eksponatlara baxıb, mərkəzdə quraşdırılmış monitorlarda ümummilli liderin siyasi fəaliyyətindən bəhs edən videogörüntüləri izləyib. Nazirə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Daha sonra nazir Anar Kərimov rayon Heydər Əliyev Mərkəzində Ağdaş, Ucar, Zərdab və Göyçay rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Nazir çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Həmin şəxslərin nazirlik tərəfindən aparılan islahatlara cəlb edilərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməsi də qarşıda duran əsas vəzifələrdəndir.

Görüş zamanı mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.

Anar Kərimov bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının dövrün vacib tələbi olduğunu diqqətə çatdırıb.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Görüşdən sonra Anar Kərimov Ağdaş Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı kollektivinin tamaşasını izləyib.