Dahi bəstəkarın ana yurdu Şuşada iki abidəsi ucalır

 

Əgər Azərbaycan musiqisi bir xəzinədirsə, Üzeyir bəy də bu xəzinənin açarı. Həm əməlləri, həm də yaratmış olduğu bəstələri ilə milyonların qəlbində yaşayır bu müdrik insan.

Dahi bəstəkarını adını, zəngin irsini yaşatmağa, onu beynəlxalq aləmdə təbliğ etməyə yönəlmiş, bu il 14-cü dəfə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı (18-26 sentyabr) günlərində diqqətlər yenə bu böyük şəxsiyyətin üzərinə cəmləşib. Biz də Üzeyir bəy adına bu əlamətdar günlərdə böyük bəstəkarın təsviri sənətdə necə əks olunması barədə qısa bəhs etmək istərdik.

Öncə onu qeyd edək ki, Üzeyir Hacıbəyliyə həsr edilmiş portretlər, ölkəmizdə və xaricdə xatirəsinə ucaldılmış heykəllər, Bakıdakı ev-muzeyi və s. bəstəkarın əbədiyaşarlığının bariz göstəricisidir.

Üzeyir Hacıbəyli obrazına müraciət edən rəssamlar içərisində SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin adı xüsusi qeyd olunur. 1943-cü ildə C.Cabbarlı adına Teatr Muzeyi yaradılarkən ekspozisiyada Üzeyir bəyin də portreti olmalı idi. Bu məsuliyyətli iş Mikayıl Abdullayevə tapşırılır. Həcm etibarilə çox da böyük olmayan birinci portreti rəssam qısa müddətə – cəmi üç günə hazır edib Üzeyir bəyə bağışlayır.

Tezliklə muzey üçün həcmcə daha böyük olan ikinci portreti hazırlamağa başlayan M.Abdullayev bu işin də öhdəsindən ustalıqla gəlir. Dahi bəstəkar bu portretdə kabinetində, iş masasının arxasında, tünd-qırmızı rəngli xalçanın fonunda təsvir olunmuşdu. Əllərini bir-birinə keçirərək dayanmış Üzeyir bəyin simasındakı qayğıkeşlik və dahilik kətan üzərinə rəssamın barmaqlarının sehri ilə hopmuşdu sanki. Məlum olduğu kimi, fırça ustası portreti obraz əsasında ərsəyə gətirir. Ancaq bu portret digərlərindən fərqlənir. Bu məşhur əsərlər bağlı baş vermiş maraqlı əhvalatlar da yəqin ki, bu fikri təsdiq edir.

Belə ki, portretin hazır olmasına az qalmış böyük musiqiçiyə soyuq dəyir və 2-3 gün işə çıxa bilmir. M.Abdullayev portreti bir gün iş masasının arxasına, divar xalçasına söykəyib gedir. Sabahısı gün bəstəkar konservatoriyaya zəng vurub nəsə soruşur. Kabinetin açarını xadiməyə verirlər ki, nəyi isə gətirsin. Xidmətçi xanım qapını açıb içəri girir və dəftərxanaya qayıdaraq Üzeyir bəyin özünün gəldiyini bildirir. Hər kəs təəccüblənir. Kimsə tez gedib kabinetə baxıb görür ki, Üzeyir bəy öz yerindədir. Bu dəfə tədris hissə müdiri özü gedib qapını açıb içəri girəndə əvvəlcə çaşır, sonra masa arxasında portret olduğunu görüb gülür. Üzeyir bəy həmişə bu portretin müəllifsiz imtahandan keçdiyini bildirərmiş...

1944-cü ildə İncəsənət Muzeyinin sifarişi ilə Üzeyir Hacıbəylinin üçüncü portreti yaradılır. Amma Üzeyir bəy həmin vaxt Moskvaya getməli olduğundan özünün sevdiyi bir fotoşəklini M.Abdullayevə verir. Rəssam həmin fotoşəkil əsasında yeni əsərini yaradır. Fırça ustası həmin fotoşəkli göz bəbəyi kimi qoruduğunu bildirərmiş. Bu faktlar rəssamın bir obraz yaratdığını deyil, həmin obraza bütün ruhu, duyğu-düşüncəsi ilə birlikdə kətan üzərində həyat verməsini əks etdirir.

Üzeyir Hacıbəylinin ana yurdu Şuşada 1985-ci ildə Əhməd Salikov tərəfindən ucaldılmış abidəsi erməni işğalı zamanı vandalizmə məruz qalıb dağıdılmışdı. 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, bəstəkarın yeni abidəsi hazırlanaraq öz məkanında qoyuldu. Bürüncdən düzəldilən bu monumental abidənin müəllifləri heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmovdur. Postament üzərində məğrurcasına, eyni zamanda təvazökar bir şəkildə dayanan böyük sənətkarın yaradıcı bir şəxs olduğu ilk məqamda duyulur. Onun həlim çöhrəsi, nurani baxışı heykəldə ustalıqla əks olunub. Hər zaman səliqəsi ilə seçilən bəstəkarın geyimini heykəltəraşlar xüsusi bir şəkildə heykəl üzərində canlandırıblar. Plaşın qatlanmış qabaq hissəsi sakit təbiətli Üzeyir bəyin heykəlinə xüsusi bir dinamiklik qatıb.

Bakı şəhərində, böyük musiqi xadiminin adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısındakı meydançada 1957-ci ildə ucaldılmış heykəl Tokay Məmmədovun ən uğurlu yaradıcılıq nümunələrindəndir. Heykəli yaratmağa başlamazdan əvvəl T.Məmmədov bəstəkarın portretini hazırlayıb. Çənəyə yaxınlaşdırılmış əl jesti obrazın ümumi həllində vacib nüansdır. Dizləri üzərindəki not vərəqləri onun bəstəkar olduğunu tamaşaçıya çatdıraraq obraz haqqında ilkin informasiya ötürür. Heykəlin çiynində bir plaş da var. Bunlar obrazın psixoloji həllində incə məqamlar olmaqla yanaşı, ümumi məkanla uzlaşmasında da əsas rol oynayır. Tuncdan hazırlanan heykəlin hündürlüyü iki metrdir.

Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyi dahi bəstəkarın xatirəsinin əziz tutulduğu, zəngin yaradıcılıq irsinin qorunduğu, təbliğ olunduğu məkandır. Burada bir çox rəssamların – Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Arif Hüseynov, Toğrul Sadıqzadə və başqalarının bəstəkara həsr etdikləri rəsmlər saxlanılır.

Təəssüf ki, son 30 ildə leksikonumuza “Güllələnmiş heykəllər” ifadəsi də daxil olub. Uzun illər hər birimizin qəlbində dərin iz qoymuş 3 heykəl. Erməni vandalizminə məruz qalmış, hər cür vəhşiliklə üzləşmiş, min bir zillət görmüş abidələr. 1992-ci ildə musiqi-sənət beşiyi, mədəniyyət paytaxtımız Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra üç dahi şəxsiyyətin – Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri də mənfur mədəniyyət qatillərinin hədəfinə çevrildi. Dilsiz, cansız heykəllər belə güllələndi. Abidələr hazırlandıqları materiallardan gəlir əldə etmək məqsədilə əvvəl İrəvana, sonra Gürcüstan aparıldı. Gürcüstanda yaşayan soydaşlarımız heykəlləri təsadüfən gördükdən sonra müvafiq qurumlara xəbər verdilər. 1993-cü ildə ulu öndər Heydər Əliyevin səyləri ilə heykəllər vətənə qaytarıldı, Bakıda, Milli İncəsənət Muzeyinin həyətində yerləşdirildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Şuşa şəhəri işğaldan azad olunduqdan qısa müddət sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə “Güllələnmiş heykəllər” öz doğma yurduna – Şuşaya qaytarılaraq qala-şəhərimizin mərkəzi meydanında yerləşdirildi. Sevindiricidir ki, hazırda mədəniyyət paytaxtımızda Üzeyir bəyin iki abidəsi ucalır...

İllər bir-birini əvəzləsə də, bəstəkarın yaradıcılıq nümunələri öz təravətini, yüksək dəyərini qoruyub saxlayır. Bu zəngin mədəni miras eyni zamanda Üzeyir bəy sənətinin əbədiyaşarlığını gələcək nəsillərə təbliğ edir. Ümumiyyətlə, yaradıcı insanların əsərləri sanki günəşə bənzəyir. Hər gün yenidən doğur, parlayır. Müasir dövrümüzdə də bir çox əsərlər yazılır, mahnılar bəstələnir. Ancaq çoxlarının fikri gerçək yaradıcılıqla məşğul olmaqdan ziyadə, milli musiqini təbliğ etmək yerinə gündəmi zəbt etməkdir elə bil. Unudurlar ki, belə hallar əbədi deyir, ötəridir.

Üzeyir bəy məhz əbədi yaşayacaq mədəni-mənəvi miras yadigar qoyub. Bəstəkar özü tez-tez deyərmiş ki, “Mahnının bir-birinə oxşaması qəbahət deyil, vay o mahnıya ki, heç bir şeyə oxşamaya”...

Bu gün 137 yaşlı sənətkarın ruhu rahatlıq tapıb. Çünki artıq ikinci ildir ki, Üzeyir bəyin ölməz musiqiləri uzunillik fasilədən sonra yenidən ana yurdunda səslənir. Nə xoş ki, adı ilə şərəflənən ənənəvi beynəlxalq musiqi festivalının bir sıra tədbirləri də azad Şuşada gerçəkləşir. 63 il mənalı və qiymətli ömür yaşamış 137 yaşlı bəstəkarın mənəvi ömrü isə əbədidir.

Aynurə Muradzadə
sənətşünas