LİBRAFF kitab mağazaları şəbəkəsində istedadlı yazıçı Sevinc Nuruqızının “Zəfər nəğməsi Şuşa” kitabının təqdimat mərasimi keçirilib.

“Üç alma” nəşriyyatında çap olunan kitabın redaktoru AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Bəhmən Əliyev, illüstratoru qrafik-dizayner Aida Əmirova, layihə rəhbəri Arzu Cəfərovadır.

Tədbirdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutun elmi katibi, tənqidçi Aygün Bağırova, Milli Azərbaycan Tarix Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, müəllimlər, şəhid ailələri, yazıçı və şairlər iştirak ediblər.

Tədbirdə çıxış edən Aygün Bağırova bildirib ki, kitab tək Zəfərdən bəhs etmir, həm də qələbəyə gedən yollara işıq tutur. Yazıçı “Zəfər nəğməsi Şuşa” kitabı ilə bir salnamə, yeni bir dastan yaradıb.

Şəhid Bilal Qəmbərovun anası Gültəkin xanım müəllifin ona olan səmimi münasibətindən danışıb. Şəhid olmuş övladına və onun yadigarı Nazlı qızına həsr edilən “Şəhadətin zirvəsi Vətən” əsərindən və yazıya çəkilmiş illüstrasiyalardan razı qaldığını bildirib.

Yazıçı Narıngül Nadir bildirib ki, Sevinc Nuruqızı əsərləri ilə ölkə hüdudunu aşaraq geniş oxucu auditoriyası qazanıb.

Şair Şəfəq Sahibli də müəllifin əsərlərinin məziyyətlərindən söz açıb.

Sonda Sevinc Nuruqızı kitabı imzalayaraq tədbir iştirakçılarına təqdim edib.