Xəbər verdiyimiz kimi, 19-21 sentyabr tarixlərində Polşanın paytaxtı Varşavada VI Beynəlxalq Türkologiya Konqresi keçirilib. “Türk dünyası araşdırmaları – multidissiplinar perspektivlər” adlı konqresdə ölkəmiz də geniş heyətlə təmsil olunub. Azərbaycan nümayəndələri konqresin panellərində fəal iştirak ediblər.

Varşava Universitetində keçirilən konqresin plenar sessiyasında Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov çıxış edərək, ölkəmizdə türkoloji elmlərin müasir dövrdə vəziyyəti barədə danışıb.

Həmçinin, konqres çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş panel keçirilib.

Paneldə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi Vəfa Quliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Məleykə Əlizadə, AMEA-nın elmi işçiləri Əhməd Qəşəmoğlu və Tahirə Məhəmməd, eləcə də Bakı Dövlət Universitetinin dosenti Sevinc Qasımova Qarabağın yazılı abidələri, maddi və mədəni tarixi, Şuşa şəhərinin elmi inkişafına təkan verən hadisələr, XIX əsrdə şəhərin ədəbi və sosial həyatında qadınların rolu barədə təqdimatlar edib, müzakirələr aparıblar.

Tədbirdə “Qafqazın konservatoriyası: Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı sərgi də nümayiş olunub.

Bununla yanaşı, konqres çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nümayəndəsi Gülər Abdullabəyovanın müəllifi olduğu və polyak dilində nəşr olunmuş “XIX əsrdə Azərbaycan-Polşa ədəbi əlaqələri” adlı kitabın təqdimatı olub. Kitab haqqında danışan müəllif XIX əsrdə Azərbaycan və Polşa ədəbi əlaqələrindən bəhs edib.

Konqresin ikinci günündə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva və mərkəzin əməkdaşı Gülarə Əmirova, Varşava Universitetinin nümayəndələri Şəhla Kazımova və Nərgiz Axundova Orxon-Yenisey və Orta əsrləır türk abidələrinin tədqiqat tarixi, sovet dönəmində Azərbaycanda türkologiyanın vəziyyəti barədə danışıblar. Müzakirələrdə BDU-nun nümayəndəsi Zərifə Nəzirli İkinci Qarabağ müharibəsinin beynəlxalq mediada işıqlandırılması, Azərbaycan Tibb Universitetinin nümayəndələri və AMEA-nın nümayəndələri Səkinə Əliyeva və Aynur Mahmud türk dialektologiyasının əsasları barədə söz açıb, dialektlərin müqayisəli təhlilini aparıblar.