Sentyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Şuşaya salam” beynəlxalq poeziya layihəsinin təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyi, AYB və "Space" televiziyasının birgə təşkilatçılığı ilə reallaşacaq layihə “Şuşa İli”nə həsr olunub. Layihə çərçivəsində 30 ölkədən 44 tanınmış ədəbiyyatçı və şair Şuşa üçün şeir oxuyacaq. Azərbaycandan layihəyə 8 şair qoşulub.

Tədbirdə AYB-nin katibi, şair-publisist Səlim Babullaoğlu layihə ilə bağlı məlumat verib. Bildirib ki, layihə ilə əlaqədar dünyanın 30 ölkəsində yazarlara müraciət edilib: Sentyabrın 27-dən başlayaraq hər gün bir şairin səsləndirdiyi şeir “Space” TV-də yayımlanacaq və bu, Zəfər Gününə qədər davam edəcək.

AYB-nin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, Qarabağ müharibəsi zamanı və ondan sonra olduğu kimi, Yazıçılar Birliyi təbliğat işlərində bundan sonra da fəal rol alacaq. Bizim haqq işimizi təbliğ etməyimiz üçün bu layihə çox vacibdir.

“Space” Müstəqil Teleradio Şirkətinin prezidenti Müşfiq Hətəmov layihə barədə məlumat verib. Bildirib ki,layihə haqq işimizin təbliğində xüsusi yeri olacaq. Həqiqətlərimizin müxtəlif ölkələrdən şairlərin dili ilə deyilməsi Qarabağın Azərbaycanın bir parçası olmasını bir daha bütün dünyaya sübut edəcək.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra nazirlik tərəfindən çoxsaylı işlər görülüb. Biz çalışırıq ki, Qarabağ həqiqətlərini mədəniyyətin dili ilə çatdıraq. Bu layihə dünya xalqlarının fikrində Qarabağla bağlı düzgün mövqenin formalaşdırılmasına kömək edəcək.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev diqqətə çatdırıb ki, tarixdə yazıçıların yazdıqları qalır. Çünki yazıçının, şairin sözü əbədi yaşayır. Əslində, yaxşı yazıçı xalqın əbədiyyətdəki vəkilidir.

Qeyd edək ki, “Şuşaya salam” layihəsi sentyabrın 27-də başlayacaq və 44 gün davam edəcək.