Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasına 20 ilə yaxın rəhbərlik etmiş Əflatun Amaşov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Prezident İlham Əliyev sentyabrın 24-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında medianın inkişafında xidmətlərinə görə Əflatun Əhməd oğlu Amaşov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Əflatun Amaşov 2003-cü ildə martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında yaranan Mətbuat Şurasının sədri seçilib. Sonrakı illərdə keçirilən qurultaylarda da etimad qazanaraq daha altı dəfə bu vəzifəyə seçilib. 2022-ci il sentyabrın 24-də keçirilən Azərbaycan jurnalistlərinin VIII qurultayında növbəti dəfə də sədrliyə iddiaçı olmayacağını bildirib.

Qeyd edək ki, bundan bir gün öncə Əflatun Amaşov “Xalq qəzeti”nin yeni baş redaktoru təyin edilib.

Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, sonra təhsilini Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini davam etdirib və 1984-cü ildə başa vurub.

1985–1994-cü illərdə indiki AZƏRAC Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədr müavini (1995-1998), "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri (1998-ci ildən) olub.

2015-2020-ci illərdə V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Dövlət başçısının müvafiq sərəncamları ilə 2010-cu ildə “Əməkdar jurnalist" fəxri adına layiq görülüb, 2015-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə", 2017-ci ildə "Şöhrət" ordenləri ilə təltif edilib.