Tariximizin faciəli səhifəsini çevirib daha yaxşı gələcək qurmağa başlaya bilərik.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu fikri sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı vurğulayıb.

O daha sonra deyib: “İki gün əvvəl biz Ermənistan Baş nazirinin burada səsləndirdiyi bəyanatı dinlədik. Təəssüf ki, bu, erməni tərəfinin normallaşma əvəzinə qarşıdurmanı davam etdirməyə niyyətli olduğunu nümayiş etdirən növbəti bir sübut oldu. Azərbaycanda biz hesab edirik ki, regionumuz kifayət qədər qarşıdurma, dağıntılar və iztirablar görüb. Hər iki xalqın münaqişədən sonrakı normallaşmaya tam şəkildə qoşulmasının vaxtıdır, beləliklə, nəhayət, tariximizin faciəli səhifəsini çevirib uşaqlarımız üçün daha yaxşı gələcək qurmağa başlaya bilərik. Azərbaycan tərəfi öhdəliklərinə sadiqdir. Ümid edirik ki, Ermənistan, nəhayət, konstruktiv şəkildə qarşılıq verəcək və danışıqlara səmimi şəkildə qoşulacaq”.

Azərbaycanın xarici işlər naziri BMT tribunasından təşkilatın təhsil, elm və mədəniyyət üzrə ixtisaslaşmış qurumuna – UNESCO-ya da səslənib: “Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı 2020-ci ildə başa çatsa da, hələ də UNESCO-nun missiyası gəlməyib”.

Nazir bildirib ki, otuz il sürən işğal dövründə Azərbaycanın minlərlə mədəni irs nümunəsi Ermənistan tərəfindən dağıdılıb, talan edilib və ya mənimsənilib: “Bu ilin əvvəlində İCESCO Azərbaycana işğaldan azad edilmiş ərazilərində mədəni irsin mühafizəsi vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək üçün texniki missiya göndərib. Uzun illər ərzində Azərbaycan Ermənistanı regionda mədəni irsin qorunması və mühafizəsi üzrə qiymətləndirmə və məsləhətlər vermək üçün müstəqil, şəffaf UNESCO missiyasını dəstəkləməyə çağırıb. Mən bir daha belə bir missiyanın həyata keçirilməsinə çağırıram”.