Sentyabrın 23-də Türkiyənin Antalya vilayətində son zamanlar Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilən təxribatlara etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə tədbir keçirilib.

Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Dərnəyi tərəfindən təşkil olunan tədbirdə qurumun sədri Lalə Həsənova mətbuata açıqlamasında qeyd edib ki, erməni silahlı qrupları Azərbaycan-Ermənistan sərhədinin müxtəlif istiqamətlərində təxribatları davam etdirir. 12-14 sentyabrda bu təxribatlar nəticəsində Azərbaycanın 80 hərbçisi şəhid olub, 200-sön çox hərbçi yaralanıb. Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşması üçün irəli sürülən beş maddə rəsmi Yerevan tərəfindən qəbul edilsə də, onların bu günədək öhdəliklərə əməl etmədiyi açıq şəkildə görünür.

“Bir daha bütün beynəlxalq qurumlara səslənərək dünya ictimaiyyətindən bu cür vəziyyətlərin yenidən təkrarlanmaması üçün beynəlxalq hüquq normalarına uyğun, təsirli addımlar atılmasını və eyni zamanda, Ermənistan tərəfini sülhə dəvət etmək səylərini artırmasını, Ermənistanı bu cür təxribatlara son verməyə çağırmasını tələb edirik” – deyə mətbuata açıqlamada bildirilir.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı mərasimə yerli siyasilər, QHT-lərin nümayəndələri qatılıblar. İki ölkənin qardaşlığı ilə bağlı şüarlar, ə milli ruhda musiqilər səsləndirilib.

Sentyabrın 24-də isə İstanbulun Taksim meydanında Azərbaycan Ordusuna dəstək və son zamanlar Ermənistan tərəfindən törədilən təxribatlara etiraz məqsədilə aksiya keçirilib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəstəyi ilə baş tutan aksiyada QHT-lərin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər. Aksiyada mediaya açıqlama verilib.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlunun imzası ilə yayımlanan açıqlamada deyilir: “Dünyanın və bölgənin sülhə ehtiyac duyduğu bu dövrdə Ermənistan məğlub olduğu döyüşdən dərs almaq yerinə yan qüvvələrin təsiri ilə yenidən təxribatlar törətməyə başlayıb. Bu, ağıla və insanlığa uymayan təxribatlar qəbuledilməzdir. Bundan əvvəl olduğu kimi, bundan sonra da bu təxribatlara lazımi cavab veriləcək.

Belə bir dövrdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirləri və birtərəfli mövqeyi qəbuledilməzdir. Azərbaycan torpaqlarını 28 il işğal altında saxlayan Ermənistan tərəfindən çıxış edən, Avropanın ortasında Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlara göz yuman, türk millətinə qarşı ikili standart nümayiş etdirənləri şiddətlə qınayırıq. Bölgədə sülh və sabitliyin yeganə yolu Ermənistanın təcavüzkar siyasətindən əl çəkərək əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməsidir”.

Mehparə Sultanova
Ankara