27 Sentyabr – Azərbaycanda Anım Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.

Vətən müharibəsi Azərbaycanı şanlı tarixidir. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda müqəddəs savaşda rəşadət göstərən hərbçilərimiz, arxa cəbhədə çalışan insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, bu tarixi qalibiyyəti təmin etdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.

Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün hər zaman örnək olacaq. Zaman ötsə də torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur mənbəyi olaraq qalacaq.

27 Sentyabr – Anım Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Vətən müharibəsi qəhrəmanları unudulmur” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Veten_muharibesi_qehremanlari_unudulmur/index.htm