Finlandiya paytaxtında Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Rauf Hacıyevin (1922-1995) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Helsinkidə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev, ölkəmizin İsveç və eyni zamanda Finlandiyadakı səfirliyinin müşaviri Cavanşir Məmmədov, Türkiyənin Finlandiyadakı səfiri Deniz Çakar və bu ölkədə yaşayan azərbaycanlı və türk diasporlarının fəalları, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Finlandiya Teatr Muzeyində baş tutan tədbirdə əvvəlcə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi,  Azər-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarova çıxış edərək bu il 100 illiyi Azərbaycanda dövlət səviyyəsində qeyd edilən məşhur bəstəkarın həyat və yaradıcılığı, musiqi sənətimizə töhfələri haqqında danışıb.

Rauf Hacıyevin Helsinkidə yaşayan qızı Natella xanım atasının xatirəsinə göstərilən diqqətə və belə bir tədbirin təşkil olunmasına verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib, bəstəkarın sənət yolundan söz açıb.

Sonra Rauf Hacıyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Tədbirin bədii hissəsində tanınmış azərbaycanlı pianoçu Abuzər Manafzadə, onun həyat yoldaşı, vokalçı Karen Danger-Manafzadə, azərbaycanlı vokalçı Orxan Cəlilovun ifasında Rauf Hacıyevin mahnıları səslənib.

Qeyd edək ki, tədbirlə yanaşı Finlandiya Teatr Muzeyində qonaqlara Azərbaycanın qədim şəhəri olan İrəvanın tarixi Təpəbaşı məhəlləsi haqqında fotosərgi də nümayiş olunub.