Azərbaycanın Qırğızıstandakı Səfirliyinin təşəbbüsü və dəstəyi, Qırğızıstan Milli Yazıçılar Birliyinin iştirakı ilə nəşr edilmiş “Qarabağ hekayələri” (“Карабах Ангемелери”) kitabının geniş təqdimatı olub.

Sentyabrın 23-də keçirilən tədbirdə Qırğızıstan rəsmiləri, ədəbiyyat, elm, mədəniyyət xadimləri iştirak ediblər.

Səfir Lətif Qəndilov iştirakçılara kitab haqqında ətraflı məlumat verib. “Azərbaycanın qırğız dostları klubu”nun prezidenti Assol Moldokmatova ölkəmizin azad olunmuş bölgələrinə səfər etdiyini, Ermənistan tərəfindən törədilmiş dağıntıları öz gözləri ilə gördüyünü deyib. Şair-tərcüməçi Altınbek İsmayıl kitabın ərsəyə gəlməsindən bəhs edib.

Qeyd edək ki, 2021-ci ildə çap olunan kitabda 13 azərbaycanlı müəllifin hekayələri yer alıb. Kitabın tərcümə və nəşr edilməsinin təşəbbüskarı və müəlliflərdən biri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır. Kitab beş tərcüməçi tərəfindən qırğız dilinə çevrilib.

Mərasimdə səfir Lətif Qəndilov tərəfindən tərcüməçilərə mükafat təqdim edilib.