Azərbaycan

 

28 sentyabr 1953 – Xalq artisti Əjdər Qüdrət oğlu Həmidov (1953 – 24.11.2020) Şabran rayonunda anadan olub. Sumqayıt teatrında çalışıb, 1990-cı ildən Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

28 sentyabr 1978 – Görkəmli yazıçı, ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (26.4.1908 – 1978) vəfat edib. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasının müəllifidir.

28 sentyabr 1985 – Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Cavan (Hüseyn Mikayıl oğlu Əliyev; 1916-1985) vəfat edib. Cənubi Azərbaycanın Qaradağ mahalında doğulub, 1946-cı ildən Goranboy rayonunda yaşayıb.

 

29 sentyabr 1833 – Şair, rəssam, xəttat, musiqişünas, təzkirəçi Mir Möhsün Nəvvab (1833-1918) Şuşada doğulub. Qarabağda doğulmuş 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatların yer aldığı “Təzkireyi-Nəvvab” toplusunu tərtib edib. Şuşada “Məclisi-fəramuşan” ədəbi məclisini təşkil edib.  

29 sentyabr 1924 – Bakıda I Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.

29 sentyabr 1953 – Əməkdar rəssam Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif; 1953 – 26.3.2020) Bakının Mərdəkan qəsəbəsində anadan olub. Karikaturaçı və teatr rəssamı kimi tanınıb, Dövlət Yuğ Teatrında çalışıb.

29 sentyabr 1962 – Əməkdar artist, tanınmış diktor Bəxtiyar Nadir oğlu Şərifzadə (1962 – 24.6.2016) Qax rayonunda anadan olub.

29 sentyabr 2003 – Ədəbiyyatşünas alim, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 25.12.1934 – 2003) vəfat edib.

 

30 sentyabr 1891 – Xalq artisti Aleksey Lvoviç Qripiç (1891-1983) anadan olub. Azərbaycan Dövlət Rus Dram Teatrında (1936-1948) quruluşçu rejissor və baş rejissor işləyib.

30 sentyabr 1920 – Əməkdar incəsənət xadimi, rejissor Lətif Bəşir oğlu Səfərov (1920 – 9.12.1963) Şuşada anadan olub. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk sədri olub.

30 sentyabr 1933 – Bəstəkar, truba ifaçısı, dirijor, pedaqoq Əziz Əkbər oğlu Əzizli (1933-2005) Bakıda anadan olub.

30 sentyabr 1945 – Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945-1983) Şəkidə doğulub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s.

30 sentyabr 1950 – Bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884 – 1950) vəfat edib. “Aşıq Qərib” operası, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.

30 sentyabr 1969 – Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Sumqayıt Dövlət Gənclər Dram Teatrına görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskinin adı verilib.

30 sentyabr 1988 – Rəssam, Əməkdar incəsənət xadimi Əbdülxalıq (Əbdülxalıq Əbdüləli oğlu Rzaquliyev; 5.5.1920 – 1988) vəfat edib.

30 sentyabr 1991 – Tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (23.10.1953 – 1991) dünyasını dəyişib.

30 sentyabr 2009 – Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs  siyahısına daxil edilib. Bu barədə qərar UNESCO Hökumətlərarası Komitəsinin Abu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən 4-cü sessiyasında qəbul edilib.

30 sentyabr 2012 – Gəncə şəhərində Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib. Konfransda 20-dən çox ölkədən nümayəndələr iştirak edib. Konfrans çərçivəsində keçirilən xüsusi toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilib.

 

Dünya

 

28 sentyabr 1573 – İtalyan rəssamı Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 1573 – 18.7.1610) anadan olub. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.

28 sentyabr 1803 – Fransız yazıçısı Prosiper Merime (Prosper Merimee; 1803–1870) anadan olub. Yazıçının “Karmen” novellası əsasında bəstəkar Jorj Bize opera yazıb, “Matteo Falkone” novellası əsasında Azərbaycan rejissoru Tofiq Tağızadə eyniadlı film (1960) çəkib.

28 sentyabr 1915 – Məşhur rus teatr rejissoru, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı Georgi Aleksandroviç Tovstonoqov (1915 – 23.5.1989) Tbilisidə anadan olub.

28 sentyabr 1924 – İtalyan aktyoru Marçello Mastroyani (Marcello Vincenzo Domenico Mastroianni; 1924 – 19.12.1996) anadan olub. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.

 

29 sentyabr 1547 – İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra; 1547 - 23.4.1616) anadan olub. “Don Kixot” romanı ilə şöhrət qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).

29 sentyabr 1810 – İngilis yazıçısı Elizabet Qaksell (Elizabeth Cleghorn Gaskell; 1810-1865) anadan olub.

29 sentyabr 1904 – Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski (1904-1936) anadan olub. Əsərləri: “Polad necə bərkidi?”, “Fırtınadan doğulmuşlar”.

29 sentyabr 1912 – İtalyan kinorejissoru Mikelancelo Antonioni (Michelangelo Antonioni; 1912 - 30.7.2007) anadan olub. Avropanın əsas kinofestivallarının qalibi, fəxri “Oskar” mükafatçısıdır.

29 sentyabr 1913 – Amerika kinorejissoru Stenli Kramer (Stanley Earl Kramer; 1913 - 19.2.2001) anadan olub. Filmləri: “Nürnberq prosesi”, “Bu çılğın, çılğın, çılğın dünya”, “Domino prinsipi” və s.

 

30 sentyabr 1715 – Fransız filosofu Etyen de Kondilyak (Etienne Bonnot de Condillac; 1715-1780) anadan olub.

30 sentyabr 1917 – Məşhur teatr rejissoru, Rusiyanın Xalq artisti, pedaqoq Yuri Lyubimov (1917-2014) anadan olub. Uzun illər Taqanka Teatrının rəhbəri olub.

Hazırladı: Vüqar Orxan