AMEA-nın Şəki Regional Elmi Mərkəzi Folklorşünaslıq və el sənətləri şöbəsinin əməkdaşları İradə Yusifova, Tural Adışirinov və Adışirin Xəlilov Şəkinin Qoxmuq kəndində ekspedisiyada olublar.

AMEA-dan bildirilib ki, ekspedisiya üzvləri Qoxmuq kənd icra nümayəndəliyinin sədri İbrahim İsayev və kənd Folklor evinin müdiri Fazil Məmmədovla görüşüblər. Kənd ağsaqqalı, folklor bilicisi kimi tanınan Bahadur Seyidovla söhbət aparılıb. Həmçinin Qoxmuq kənd sakini olmuş Xalq şairi Bəxtiyar Vahabzadənin Ev-Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli ilə görüş keçirilib. Görüşlərdə Qoxmuq kəndinin tarixi, əhalisinin adət-ənənələri, folklor örnəkləri haqqında maraqlı məlumatlar əldə edilib.

Mərkəz əməkdaşlarının Kiçik Dəhnə kəndinin icra nümayəndəsi Ayaz Əliyev və kənd Diyarşünaslıq klubunun direktoru Sadiq Hüseynov, eləcə də kəndin ağsaqqal ziyalıları Hamil Süleymanov və Namizəd Xalidoğlu ilə aparılan söhbət zamanı dəyərli folklor nümunələri əldə edilib.

Böyük Dəhnə kəndinin 83 yaşlı sakini Oktyabr Rəşidovla da görüş keçirilib, el ağsaqqalı bildiyi folklor örnəklərini əməkdaşlarla bölüşüb.

Ekspedisiya işlərinin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.