Bölgələrdəki mədəniyyət müəssisələrində Anım Günü münasibətilə müxtəlif tədbirlər keçirilib.

İsmayıllı Regional Mədəniyyət İdarəsi (RMİ) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “44 günün bir anı” adlı bədii kompozisiya nümayiş olunub. Tədbirdə rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, regional idarənin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Mədəniyyət Mərkəzinin Xalq teatrı “44 günün bir anı” kompozisiyasını təqdim edib.

***

Şəki RMİ Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Şəhidlik zirvəsi” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarını qurban verən şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar. Sonra məktəblilər şəhidlərə həsr olunan şeirlərdən ibarət kompozisiya ilə çıxış ediblər.

Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi Kitabxanasında “Şanlı tarixi yaşadanlar və yazanlar” adlı kitab və uşaqların rəsmlərindən ibarət sərgi təşkil olunub.

***

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “Zəfər tariximizin başlanğıcı” adlı tədbir keçirilib. Tədbirdə Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, “27 sentyabr – Zəfərə aparan yol” adlı sərgiyə baxış olub.

***

Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzində “Vətən adlı qibləgahımın şəhid adlı səcdəgahı var” adlı şeir qiraəti müsabiqəsi təşkil olunub. Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimov haqqında hazırlanmış animasiya filmi nümayiş etdirilib. Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.

Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Xaliddin Veyislinin ailəsini ziyarət ediblər.

Tovuz Dövlət Rəsm Qalereyasının əməkdaşları isə II Qarabağ müharibəsi şəhidi Tovuz rayon sakini Amil Rüstəmovun ailəsinə baş çəkiblər.

***

Ağdaş RMİ Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi, baş leytenant Ağaqardaş Abbasovun ailəsini ziyarət ediblər.

Göyçay rayonunun Çərəkə kəndində Birinci Qarabağ müharibəsi şəhidi İlqar Rəhim oğlu Nəbiyevin xatirəsinə inşa olunan bulaq istifadəyə verilib.

İlqar Nəbiyev 1975-ci ilin sentyabrında Çərəkə kəndində dünyaya göz açıb. Orta məktəbi bitirib, Ali Hərbi Məktəbə qəbul olunub. Birinci Qarabağ müharibəsi başlayanda təhsilini yarımçıq qoyub cəbhəyə gedib. 1994-cü il yanvar ayının 11-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində şəhid olub.

***

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Tarix yazan igidlər” mövzusunda tədbir keçirilib. Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin fədakarlığından, Azərbaycan xalqının mübarizə əzmindən, xalq-ordu birliyi nəticəsində qazandığımız Qələbədən danışıb.

***

Sabirabad RMİ Şirvan şəhər Mədəniyyət Mərkəzinin Şirvan Folklor evi “Anım günüm, qürur günüm” adlı tədbir keçirib. Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

***

Şəmkir RMİ Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində 44 günlük Vətən müharibəsindən bəhs edən mühazirə dinlənilib, Daşkəsəndən olan şəhidlər haqqında videoçarx nümayiş etdirilib.

***

Sumqayıt RMİ Abşeron rayon MKS-nin bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi Emin Ağazadənin ailəsini ziyarət edib.

Qubadlı rayon mədəniyyət işçiləri Vətən müharibəsi şəhidləri Vüsal Allahverdiyev və mayor Elçin Alıyevin ailəsinə baş çəkiblər.

***

Kürdəmirdə Anım Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” devizi altında rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib. Heydər Əliyev parkında keçirilən sərgidə Kürdəmir RMİ Kürdəmir Mədəniyyət Mərkəzinin dərnək üzvlərinin və rayon məktəblilərinin əl işləri və rəsmləri nümayiş olunub.

Kürdəmirdə I Qarabağ müharibəsi şəhidi Vahid Əhmədovun adını daşıyan abidə kompleksinin açılışı olub. Açılış mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri, məktəblilər, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.

Beyləqan rayon Mədəniyyət Mərkəzində mədəniyyət müəssisələrinin Vətən müharibəsi iştirakçısı olan əməkdaşları ilə görüş keçirilib. Tədbirdə müharibə iştirakçıları çıxış edərək döyüş yolları haqqında məlumat veriblər.

Bədii hissədə məktəblilərin ifasında şəhidlərimizə, Qələbəmizə həsr olunmuş şeirlər səsləndirilib. Beyləqan rayon Mədəniyyət Mərkəzinin “Gənclik” Xalq teatrının ifasında vətənpərvərlik mövzusunda “Məzuniyyət” tamaşası nümayiş olunub.

Nurəddin Məmmədli