27 sentyabr – Anım günü ilə əlaqədar Xətai rayonu Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “Dolu” bədii filmi nümayiş olunub. Nümayiş Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “Səhnə” prodüser mərkəzi və “AudioKitab” MMC-nin dəstəyi ilə reallaşıb.

Şəhid ailələrinin, qazilərin, millət vəkilləri, ziyalılar, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə əvvəlcə Dövlət Himnimiz səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və başqaları çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin əhəmiyyətindən danışıblar. Qəhrəman Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.

Anım tədbirində “Səhnə” TV-nin istehsalı olan “Şanlı qazilərimizə eşq olsun!” və “Uşaqların Şuşası” sosial çarxları təqdim edilib.

Sonda səhnədə quraşdırılmış ekranda jurnalist-yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında dövlət sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınan, Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Dolu” bədii filmi nümayiş etdirilib. Filmin rejissoru, Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, təsvir rejissoru Nadir Mehdiyevdir. Ekran əsərində Xalq artistləri Məmməd Səfa, Fuad Poladov, Şamil Süleymanlı, Əməkdar artist Gülzar Qurbanova və başqaları çəkilib.