ADA Universiteti, universitetin İnkişaf və Diplomatiya İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə sentyabrın 24-də təlim proqramı başlayıb. Təlimə Afrikanın 14 ölkəsinin UNESCO üzrə milli komissiyalarının baş katibləri və nümayəndələri cəlb olunub.

ADA Universitetindən bldirilib ki, proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin nkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.

Sentyabrın 26-da təlim kursunun açılış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev və başqaları çıxış ediblər. Həmçinin UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Serin iştirakçılara ünvanladığı videomüraciət nümayiş etdirilib.

Fariz İsmayılzadə çıxışı zamanı təlim proqramının Azərbaycan və Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyaları arasında əməkdaşlığı və ikitərəfli əlaqələri gücləndirəcəyinə ümidvar olduğunu bildirib.

Fuad Nağıyev müasir turizm elementləri ilə mədəni irsinin geniş miqyasda təbliğinin vacibliyinə toxunub. UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev Azərbaycanın təşkilata üzvlüyünün 30 illik tarixinə qısa nəzər salıb.

Oktyabrın 8-i başa çatacaq proqramın iştirakçılar Azərbaycanın Dünya Mədəni İrs Siyahısına daxil olan yerlərini də ziyarət edəcəklər.