Azərbaycan

 

1 oktyabr 1897 – Görkəmli şairə Xurşidbanu Natəvan (1832, Şuşa –1897) vəfat edib. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada “Məclisi-üns” ədəbi birliyinin yaradıcısı olub. Ağdamın “İmarət” qəbiristanlığında dəfn edilib.

1 oktyabr 1932 – Mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932-1999) Qusar rayonunda anadan olub. “Qızmar günəş altında”, “Koroğlu” və s. filmlərdə çəkilib. 1963-cü ildə Qusarda Ləzgi Xalq teatrını təşkil edib.

1 oktyabr 1949 – Əməkdar artist Almaz Əhməd qızı Mustafayeva (1949 – 26.12.2020) Ağdam şəhərində doğulub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub, filmlərdə çəkilib.

1 oktyabr 1965 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 18.2.1895 – 1965) vəfat edib. Nizami, Xaqani, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

1 oktyabr 2018 – Bakı şəhərində dahi bəstəkar Qara Qarayevin Ev-Muzeyinin açılış mərasimi olub.

 

2 oktyabr 1913 – Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov (1913 – 18.1.1971) anadan olub.

2 oktyabr 1915 – Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan “Açıq söz” qəzetinin ilk sayı çapdan çıxıb. 1918-ci ilədək nəşr olunub.

2 oktyabr 1923 – Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 1923 – 12.9.2004) anadan olub. C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.

2 oktyabr 1924 – Azərbaycanda fəhlə və kəndli müxbirlərin birinci qurultayı keçirilib.

2 oktyabr 1935 – Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Səyavuş İmran oğlu Məmmədzadə (1935 – 3.9.2022) anadan olub. Azərbaycan ədəbiyyatından rus dilinə, rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib.

2 oktyabr 1962 – Əməkdar artist Elşən Şıxəli oğlu Şirəliyev (1962 – 20.12.2021) Bakıda anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. 

2 oktyabr 1969 – Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Əmir oğlu Qafarov (2.10.1969 – 5.11.2018) Bakıda anadan olub.

2 oktyabr 1981 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Həsənağa Dərya oğlu Salayev (5.12.1921 – 1981) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

3 oktyabr “Türkdilli xalqların həmrəyliyi günü”dür. 2009-cu ilin 3 oktyabrında Naxçıvanda Türk Şurasının (2021-ci ildən Türk Dövlətləri Təşkilatı) yaradılması haqqında bəyannamə imzalanıb. 2010-cu ildə türkdilli dövlətlərin başçılarının İstanbul sammitində bu tarix “Türkdilli xalqların həmrəyliyi günü” kimi təsis olunub.

3 oktyabr 1875 – Yazıçı-dramaturq Süleyman Sani Rzaqulu bəy oğlu Axundov (1875-1939) Şuşada anadan olub. Yazıçının “Qorxulu nağıllar” toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. “Laçın yuvası”, “Eşq və intiqam”, “Tamahkar” və s. pyeslərin müəllifidir.

3 oktyabr 1887 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 – 4.11.1967) anadan olub. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazına görə Dövlət mükafatına layiq görülüb. Bu rolu Musiqili Komediya Teatrında 600 dəfə ifa edib. “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.

3 oktyabr 1990 – Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Naxçıvan MR Culfa rayonu ərazisində “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

3 oktyabr 1996 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (26.5.1914 – 1996) vəfat edib. “Söyüdlü arx”, “Körpüsalanlar”,  “Geriyə baxma, qoca” və s. romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin müəllifidir.

 

4 oktyabr 1923 – Teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda doğulub. Dövlət Rus Dram Teatrında çalışıb, respublika Dövlət mükafatına layiq görülüb. “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

4 oktyabr 1924 – Opera müğənnisi, Əməkdar artist Sona Şahnəzər qızı Aslanova (1924-2011) anadan olub. Opera və operettalarda (Nigar – “Koroğlu”, Gülçöhrə – “Arşın mal alan”) çıxış edib. “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-da yaşayıb və orada dünyasını dəyişib.

4 oktyabr 1957 – Tanınmış balaban ifaçısı Məhərrəm Ağabala oğlu Mövsümov (1916-1957) vəfat edib.

4 oktyabr 2000 – Görkəmli bəstəkar, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (7.11.1917 – 2000) vəfat edib. Populyar mahnıların, filmlərə (“Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Nəsimi” və s.) musiqilərin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.

4 oktyabr 2006 – Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (12.6.1933 – 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Filmlərdə (“Ulduz”, “Qanun naminə”, “Alma almaya bənzər” və s.) çəkilib.

4 oktyabr 2016 – Tanınmış teatr rejissoru Yusif Məmmədağa oğlu Əkbərov  (2.9.1949 – 2016) vəfat edib. Sumqayıt Dövlət Dram, Musiqili Komediya teatrlarında işləyib.

 

Dünya

 

1 oktyabr Beynəlxalq Musiqi Günüdür (International Music Day). UNESCO yanında Beynəlxalq Musiqi Şurasının qərarı ilə 1975-ci ildən qeyd olunur.

1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub. 1991-ci ildən qeyd edilir.

1 oktyabr 1912 – Rus tarixçisi, filosof, şair Lev Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada”.

1 oktyabr 1930 – Fransız aktyoru Filipp Nuare (Philippe Noiret; 1930-2006) anadan olub.

 

2 oktyabr 1832 – İngilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor; 1832-1917) anadan olub.

2 oktyabr 1869 – Hindistanda milli-azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi; 1869-1948) anadan olub.

2 oktyabr 1914 – Məşhur sovet diktoru, SSRİ-nin Xalq artisti Yuri Levitan (1914-1983) anadan olub.

 

3 oktyabr 1895 – Rus şairi Sergey Yesenin (1895 - 27.12.1925) anadan olub. 1924-1925-ci illərdə Bakıda yaşayıb. Burada 40-dək şeirini yerli mətbuatda dərc etdirib. Mərdəkanda şairin xatirə muzeyi var.

3 oktyabr 1897 – Fransız şairi, ədəbiyyatda sürrealizmin banilərindən Lui Araqon (Alouis Aragon – Louis-Marie Andrieux; 1897-1982) anadan olub.

3 oktyabr 1919 – Məşhur Litva şairi Eduardas Mejelaytis (Eduardas Miezelaitis; 1919-1997) anadan olub.

 

4 oktyabr 1720 – İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi; 1720-1778) anadan olub.

4 oktyabr 1814 – Fransız rəssamı Jan Mille (Jean-François Millet; 1814-1875) anadan olub.

Hazırladı: Vüqar Orxan