28-29 sentyabr tarixlərində Almatı şəhərində görkəmli qazax yazıçısı Muxtar Auezovun (1897-1961) anadan olmasının 125 illiyi münasibətilə “Auezov və dünya sivilizasiyası” adlı elmi-praktik konfrans keçirilib.

Beynəlxalq Türk Akademiyası, Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu, TÜRKSOY və Qazaxıstan Yazıçılar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ölkəmiz də təmsil olunub.

Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov konfransda çıxış edib. Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyası tərəfindən çapdan çıxmış yazıçının “Qırğız qəhrəmanlıq dastanı “Manas” elmi əsəri, azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru Turan Teymurovun “M.Auezovun “Abay” romanında sənətkarlıq məsələləri” monoqrafiyası, həmçinin “Abay” romanının Azərbaycan dilində yeni nəşrinin təqdimatı olub.

Roman ilk dəfə 1954-cü ildə Azərbaycan dilinə tərcümə edilərək kiril əlifbası ilə nəşr edilib. Bu il Beynəlxalq Türk Akademiyası ədibin 125 illik yubileyi münasibətilə “Abay” romanını latın qrafikası ilə Azərbaycan dilində nəşr etdirib. Roman böyük qazax şairi Abay Kunanbayevin həyatı fonunda qazax xalqının tarixinə işıq tutaraq bütöv bir dövrü əhatəli şəkildə əks etdirir. Əsər dünyanın 100-dən çox dilinə tərcümə olunub.