Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 27 Sentyabr – Anım Günü ilə bağlı “Qəlbim Qarabağdadır” adlı sərginin açılışı olub.

“Şuşa İli” çərçivəsində AMM-in Azərbaycanın Avstriyadakı Səfirliyi və “Arts Council Azerbaijan” təşkilatı ilə birgə keçirdiyi  sərgidə 8-15 yaşlı uşaqların Qarabağa həsr etdikləri rəsm əsərləri nümayiş olunub.

AMM-in rəhbəri Leyla Qasımova sərgi haqqında məlumat verib. Qeyd edib ki, təqdim olunan əsərlərdə rəng koloriti Azərbaycan gənclərinin Qarabağ sevgisini və onların Vətən torpağına ülvi hisslərini təcəssüm etdirir.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında bu il 270 illik yubileyi qeyd olunan və Azərbaycan mədəniyyətinin beşiklərindən sayılan Şuşa şəhərinin  tarixi, Azərbaycan mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlər barədə danışıb. Diqqətə çatdırılıb ki, “Qafqazın konservatoriyası” sayılan Şuşa 2020-ci ildə, 28 il sürən erməni işğalından azad ediləndən sonra öz tarixi-mədəni görkəmini geri qaytarır, gələn il şəhər “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq.

Vurğulanıb ki, sərgidə azərbaycanlı gənclərin azad Qarabağa, sülhə həsr edilmiş rəsmləri nümayiş olunur. Bu rəsmlərdə eyni zamanda şəhidlərin xatirəsinə ehtiram göstərən Azərbaycan gəncləri sülh və daha yaxşı dünya naminə ümidlərini rənglərin dili ilə canlandırıblar.

“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov bildirib ki, təşkilatın əsas hədəfi Azərbaycanın mədəni dəyərlərini dünyada təbliğ etməkdir. “Şuşa İli” çərçivəsində təşkilat tərəfindən müxtəlif səpkili mədəni layihələr hazırlanıb. Təqdim olunan sərgi Avropanın bir sıra ölkələrində də nümayiş etdiriləcək.

Tədbirdə tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə Azərbaycan bəstəkarlarının Qarabağ və vətənpərvərlik mövzusunda əsərlərini ifa edib. Qara Qarayev və Fikrət Əmirovun əsərlərindən parçalar, Ramin Quliyevin Azərbaycanın şəhid əsgərlərinin xatirəsinə həsr etdiyi ballada, Pikə Axundovanın “Salam, Şuşa!” və Sevda Məmmədlinin “Laçın balladası” maraqla qarşılanıb.

***

“Qəlbim Qarabağdadır” adlı sərginin növbəti təqdimatı Budapeştdə, Azərbaycanın Macarıstandakı Səfirliyində olub. “Şuşa İli” çərçivəsində keçirilən tədbir səfirliyin və “Arts Council Azerbaijan” təşkilatının əməkdaşlığı ilə gerçəkləşib.

Tədbirdə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə hər iki ölkə arasında mövcud strateji tərəfdaşlıq əlaqələri, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq barədə məlumat verib.

Səfir ölkəmizin 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi tarixi Zəfər və Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşa şəhərinin 30 il sonra erməni işğalından azad edilməsinin ölkəmizin tarixində dönüş nöqtələrindən sayıldığını vurğulayıb. T.Tağızadə 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşa və “Avropanın Mədəniyyət Paytaxtı” olacaq Vesprem (Macarıstan) şəhərləri arasında əlaqələrin qurulduğunu, növbəti ildə birgə tədbirlərin təşkili barədə razılığa gəlindiyini diqqətə çatdırıb.

Tədbir iştirakçıları 8-15 yaşlı azərbaycanlı uşaqların Şuşa şəhəri və Qarabağla bağlı rəsmlərinə baxıblar. Pianoçu Səidə Tağızadənin ifasında Azərbaycanın klassik musiqi nümunələri də maraqla qarşılanıb.

Tədbirdə Macarıstanda akkreditə olunmuş diplomatik korpusun və yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, Budapeşt şəhərində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr iştirak ediblər.