Sentyabrın 27-də paytaxtdakı “Gənclik Mall”da yerləşən “CinemaPlus” kinoteatrında “Köhnə çamadanlar” filminin media nümayəndələri və Vətən müharibəsi qaziləri üçün nümayişi olub.

Vətən müharibəsi şəhidlərinin Anım Günündə filmin yaradıcı heyət üzvləri, real qəhrəmanları nümayişdən öncə çıxış edərək fikirlərini bölüşüblər.

Ekran işində şəhid atası obrazını canlandıran Xalq artisti Məmməd Səfa, eləcə də filmdə haqlarında söhbət gedən Birinci Qarabağ müharibəsinin qadın iştirakçıları Aliyə Piriyeva, Kəmalə Qəhrəmanova, Xanımzər Həsənova və Məhəbbət Paşayeva, eləcə də  44 günlük Vətən müharibəsinin qaziləri ürək sözlərini bildiriblər. Ekran əsərinin haqq savaşımız, onun iştirakçıları və qəhrəmanlarının həyat hekayələrinin geniş tamaşaçı auditoriyasına təqdimatı baxımından əhəmiyyəti vurğulanıb.

Müharibənin ağrılarını hələ də fiziki və mənəvi yük kimi daşıyanlar filmin yaradıcı heyətinin bu işə yanğı ilə yanaşdığını, illərlə köhnəlməyən xatirələrinin təbii və təsirli çalarlarla kinolentə köçürüldüyünü dilə gətiriblər. Çıxışlarda həmçinin “Köhnə çamadanlar”ın çəkilişinə və yayımına dəstək olan şəxs və qurumlara təşəkkür bildirilib, Qarabağ həqiqətləri və haqq mücadiləmizin gələcək nəsillərə, həmçinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daha çox belə bədii nümunələrin ərsəyə gətirilməsinin vacibliyi qeyd olunub.

Çıxışların ardınca nümayiş olunan film alqışlarla qarşılanıb.

Xatırladaq ki, real həyat hekayələri əsasında çəkilən film müharibənin qadınların taleyində buraxdığı ağrılı izlərə ekran həyatı verib. Birinci Qarabağ müharibəsində torpaqlarından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif qadın obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə əksini tapıb. Eyni zamanda ekran əsərində 44 günlük Vətən müharibəsini və Qələbə sevincini əks etdirən sənədli kadrlar yer alıb.

Filmin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, art-direktoru Tahir Əliyev, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmova, menecerləri Aynurə Əkbərova və Gülər Məlikdir.

Ekran əsərində Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Nəsibə Eldarova, Şəfəq Əliyeva, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Oksana Rəsulova, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları çəkilib.

Psixoloji dram janrında olan filmdə İkinci Qarabağ müharibəsinin iştirakçıları, Dövlət Sərhəd Xidmətinin hərbçiləri, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər də iştirak ediblər.

2021-ci ilin payızından çəkilişlərinə başlanılan “Köhnə çamadanlar” tammetrajlı bədii filmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “RS Production” və “OYUN” inklüziv teatrı MMC-nin birgə əməkdaşlığı ilə ərsəyə gətirilib. Ekran əsərinin premyerası aprelin 30-da Nizami Kino Mərkəzində olmuşdu.

“Köhnə çamadanlar” sentyabrın 29-dan “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.