Numan Kurtulmuş 2014-2017-ci illərdə Türkiyə Baş nazirinin müavini, 2017-2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifələrini tutub. 2018-ci ildən hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavinidir. 1990-cı illərdən peşəkar siyasətdə olmaqla yanaşı, həm də elm adamıdır, ölkənin bir sıra ali məktəblərində iqtisadiyyat, siyasi kommunikasiya və s. üzrə dərs deyib.

Onunla müsahibəmizdə Azərbaycan-Türkiyə əlaqələrinə, müxtəlif sahələrdə qurulan və inkişaf etdirilən işbirliyinə toxunduq.

 

– Numan bəy, siz Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı çıxışlarınızda “Bir millət, iki dövlət” olaraq milli, dini, mədəni, tarixi köklərə əsaslanan işbirliyini gələcəyə daşımaq ümdə vəzifələrimızdən biridir” deyirsiniz. Türkiyənin hakim partiyasının rəhbərliyində yer alan şəxs kimi bu xüsusda fikirlərinizi bir qədər ətraflı eşitmək istərdik.

– Türkiyə-Azərbaycan qardaşlığının tarixi qədimdir. Eyni regionda yerləşən, eyni millət olaraq, təbii ki, digər ölkələrlə qurulan diplomatik əlaqələrlə müqayisədə bizim əlaqələrimiz fərqlidir. Bizim milli, dini, mədəni əlaqələrimiz bir-birilə iç-içədir. Amalda, məqsəddə, niyyətdə birlik bizi qardaş edir. Biz Türkiyəmizin Azərbaycanımızla əl-ələ verib gələcəyə qalib və firavan addımlarla getməsini istəyirik. Bu kontekstdə mediada, elmi əlaqələrdə, incəsənətdə və qeyri-hökumət təşkilatlarında daha sıx əlaqələrlə, müştərək layihələrdə birləşmək lazımdır. Türkiyənin inkişaf etdirdiyi yüksək müdafiə texnologiyasının həm bilik və təcrübəsi, həm də logistik imkanları Azərbaycanda öz əksini tapır və bunun əlaqələrimizə böyük töhfə olduğunu düşünürük. Bu sahədə mübadilə daha da genişlənməlidir. Həmçinin universitetlərimizdə qarşılıqlı tələbə və elmi mübadilə kimi məsələlər bilik istehsalı baxımından mühüm tərəfdaşlıq fürsəti yaradacaq. İstərdim ki, mədəniyyət, ədəbiyyat, incəsənətin müxtəlif sahələrində daha sıx görüşlərimiz, birgə layihələrimiz olsun. Konsertlər, ədəbi məclislər, kino günləri Türkiyə və Azərbaycanın mədəniyyət dairələrində, o cümlədən gənclər arasında qardaşlıq əlaqələrini daha da artıracaq. Gənclik dedikdə ağlımıza idman yarışları da gəlir. Müasir idman növləri ilə bərabər, köçəri oyunları kimi əcdadlarımızın mədəni irsinə də diqqəti artırmalıyıq. Hər sahədə gəncləri bir araya gətirməliyik.

 

– Azərbaycanla Türkiyənin hərtərəfli birliyinin güclənməsinə töhfə verən 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsini necə dəyərləndirirsiniz?

– Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsində birgə maraqlarımızın qorunmasında siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrində potensiallarının, imkanlarımızın birləşdirilməsinin vacibliyi qeyd edilib. Şuşa Bəyannaməsinə əsasən, iki ölkə həm hərbi, həm də müdafiə sahəsində birgə əməkdaşlıqla fəaliyyət göstərə biləcək. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bunun aradan qaldırılması məqsədilə beynəlxalq hüquq prinsiplərinə müvafiq birgə addımlar atılacaq, qarşılıqlı yardım göstəriləcək. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı milli müdafiə mövzusunda möhkəm ittifaqlarla bir-birinə daha sıx bağlayır. Eyni zamanda qeyd olunur ki, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərimiz davam edəcək. Düşünürəm ki, xüsusilə bu hissə çox vacib, gələcəyə yönəlmiş məqamdır.

 

– Bu mövzuda çıxışlarınızda bir məsələni də vurğulayırsınız ki, Ermənistan öz xalqının maraqlarını nəzərə alaraq Qafqazda sülh üçün çalışmalıdır. Amma Ermənistan həmişə sülh əvəzinə münaqişə variantına üstünlük verir...

– İki il əvvəl Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi və bizim üçün də qürurverici olan Zəfərə imza atdı. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə Azərbaycanın bu haqq mübarizəsində onun yanında oldu və bundan sonra da olacaq. Uca Rəbbimizə şükürlər olsun ki, Azərbaycan sayəsində Türk dünyasına belə bir zəfəri bəxş etdi. Əslində, bu, bütün bəşəriyyətin zəfəridir, çünki zülmə qarşı qürur və əzm qalib gəlib. Ona görə də mən deyərdim ki, Qarabağın işğaldan qurtuluşu bəşəriyyət üçün mühüm nümunədir. Sualınızın cavabı isə, əslində, Ermənistanda demokratiya və qonşuluq mədəniyyətinin olub-olmamasından asılıdır. Onlar Azərbaycanla münasibətlərinə dövlət məsələsi kimi baxmır, bundan daxili siyasətlərinin tərkib hissəsi kimi istifadə edirlər. Bütün bunlar da onu göstərir ki, Ermənistan hələ də bu mədəniyyəti mənimsəyə bilməyib.

 

– Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin 104-cü ildönümü tamam oldu. Bu tarix barədə fikirləriniz necədir?

– Sualınız mənə Azərbaycanda məşhur olan “Lalələr” mahnısını xatırlatdı. Bu mahnının Qafqaz İslam Ordusunun şərəfinə yazıldığı bildirilir. Qafqazın qırmızı lalələri sanki şəhidlərimizin al qanıydı. 1918-ci il sentyabrın 15-də erməni və bolşevik işğalı altında olan Bakını azad edən Nuru paşanı və onun komandanlığındakı Qafqaz İslam Ordusunun əsgərlərini hər zaman böyük ehtiramla və qürurla yad edirik. Azərbaycanla qəlbimiz bir, canımız bir, sözümüz bir, nəğməmiz, sevincimiz, kədərimiz birdir. Bu yerdə bizi eyni ruhla səsləşən, ortaq mənəvi köklərimizi tapan ədiblərimizi, müdriklərimizi də yad etmək yaxşı olardı. 1900-cü illərdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri olan Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad kimi ədiblər, İstanbul şair və yazıçıları Əbdülhəq Hamid, Tofiq Fikrət, Rəcaizadə Əkrəm və xüsusilə Mehmet Akif Ersoy ilə sıx əlaqədə olublar. Onlar Türkiyə ilə Azərbaycanı, İstanbulla Bakını birləşdirən mənəvi-mədəni körpüləri qurdular və bizlərə bir-birilərinin kölgəsində böyüyən fidan bağçaları miras qoydular. Biz bu gün o mirasdan daha çox yararlanmalıyıq.

 

– Son vaxtlar Azərbaycan və Türkiyə mediasının ortaq fəaliyyətinin önəmindən bəhs edilir, siz də bu barədə fikir bildirmisiniz. Bu gün Azərbaycan mediasına baxsaq, gündəlik məlumatların önəmli qismi, bəlkə də üçdəbiri Türkiyə ilə bağlı olur. Eyni tendensiyanın Türkiyə mediasında intensivləşməsi üçün hansı addımlar atılmalıdır?

– Türkiyədə mətbuat azadlığına çox böyük diqqət yetirilir. Bu prinsip bizə mətbuat tariximizin başlanğıcından qalıb. Azad mətbuat həm keçmişdə, həm də bu gün ölkəmizdə ictimaiyyətin səsi kimi üzərinə düşən vəzifəni yerinə yetirir. Mediamızın dəyərləri arasında demokratiya, azadlıq, sülh, tərəqqi və inkişaf kimi prinsiplər var ki, bunlar həm də Azərbaycan mediasının ortaq nöqtələridir. Onu da deyim ki, Türkiyə cəmiyyəti və mediası Azərbaycanda baş verən bütün prosesləri böyük maraqla izləyir. Təbii ki, mediamızı daha sıx bir araya gətirəcək şəraiti təmin edə bilərik və etməliyik.

Mehparə Sultanova
Ankara